“Saakaşvilinin tərəfdarları seçkilərdə qalib gələ bilərlər”

“Saakaşvilinin tərəfdarları seçkilərdə qalib gələ bilərlər” 

Gürcüstan Prezidenti Salome Zurabişvili parlament seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, builki parlament seçkiləri Gürcüstan Konstitutsiyasına uyğun olaraq oktyabrın 31-nə təyin edilib. Dövlət başçısı ictimaiyyətə müraciət edərək əhalini seçkiqabağı təşviqat kamaniyasının dinc şəraitdə keçirilməsinə dəvət edib:

“Bu seçkilər bizim üçün xüsusi əhəmiyyət daşıyır və demokratiyamızı bir daha təsdiqləməlidir”.

Maraqlıdır, budəfəki seçkilərdə Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin tərəfdarları qalib gələ bilərmi?

Gürcüstanda baş verənləri “Sherg.az”a dəyərləndirən politoloq Natiq Miri bildirib ki, seçki öncəsi Gürcüstanda demokratik cəbhədə vəziyyət son hadisələrlə bağlı o qədər də ürəkaçan deyil. Analitik qeyd edib ki, Avropaya inteqrasiya ilə bağlı müəyyən siyasi qrup müxalifət hərəkatından ayrıldı:

“Qriqor Vaşadzenin rəhbərliyi altında olanlar parlament seçkilərinə müstəqil qaydada qatılmağa qərar verdilər. Bunu guya ictimai rəyin daha çox Vaşadzenin rəhbərlik etdiyi partiyadan yana olduğu ilə əsaslandırdılar. Fikrimcə, bu məsələ o qədər də ciddi deyil.

Çünki Saakaşvilinin rəhbərlik etdiyi partiyanın da Gürcüstanda ciddi dəstəkçiləri var”.

N.Mirinin sözlərinə görə, demokratik qüvvələrin birgə fəaliyyəti parlament seçkilərində hakimiyyətin dəyişməsinə gətirib çıxara bilərdi:

“Maraqlıdır ki, birdən-birə seçkiyə bir neçə ay qalmış Vaşadzenin rəhbərlik etdiyi siyasi partiya müxalifət cəhbəsindən ayrıldı. Əslində bu, İvanaşvili iqtidarına xidmət edən bir siyasi olay kimi dəyərləndirildi. Bu yöndə konrket Saakaşvilinin də açıqlamaları var.

Xalqın səsinin parçalanması, əlbəttə, iqtidarda olan İvanaşvili hakimiyyətinin maraqlarına xidmət edərdi. Rusiyanın dəstəklədiyi vətənpərvərlər alyansı var ki, onlar da artıq siyasi və digər təxribatlarla məşğul olmağa başlayıblar”.

Analitik qeyd edib ki, bəzi regionların gələcəkdə Gürcüstandan ayrılması kimi təxribat yönlü açıqlamalar var:

“Bu faktın özü də göstərir ki, Rusiya “yatmayıb”. Əlbəttə Rusiya Gürcüstanda revanş götürərək və birmənalı olaraq Rusiyayönlü siyasi qüvvələrin hakimiyyətə gəlməsində maraqlıdır. Hətta vətənpərvərlər alyansına, yəni Rusiyanın dəstəklədiyi bu siyasi qüvvələrə ciddi maliyyə vəsaitinin ayrılması haqqında da informasiyalar var.

Belə bir vəziyyətdə demokratik cəbhəninin parçalanması, xüsusilə Avropaya üstünlük verən Vaşadzenin rəhbərlik etdiyi siyasi partiyanın demokratik cəbhədən ayrılması həqiqətən suallar yaratdı.

Bütövlükdə müxalif cəbhənin imkanlarını zəiflətdi. Ona görə də parlament seçkilərinin nəticələri haqqında birmənalı fikir bildirmək çox çətindir. Çünki bu vəziyyət yalnız İvanaşvili hakimiyyətinin mövqelərini gücləndirən amil kimi çıxış edir”.

Politoloqun qənaətincə, parlament seçkiləri öncəsi Saakaşvili Gürcüstana qayıtmasa və proteslərə öz ağırlığını qoymasa, yenə də İvanaşvili hakimiyyətinin siyasi güc mərkəzi seçkilərdə qalib gələ bilər:

“Çünki İvanaşvili hakimiyyətinin maliyyə və inzibati resursları çox böyükdür. Digər seçkilərdə olduğu kimi növbəti seçkilərdə də böyük maliyyələr sərf etməklə xalqın səsini almağa yönəlik siyasət yürüdərək seçkilərdə qalib partiya kimi çıxa bilərlər.

Məsələnin önünü kəsə biləcək və siyasi proseslərə öz ağırlığını qoya biləcək yeganə hadisə Saakaşvilinin Gürcüstana qayıtması ola bilər. Bu, gürcü ictimai rəyinə güclü təsir göstərər.

Nəticədə milli hərəkət, yəni Saakaşvilinin rəhbərlik etdiyi siyasi güc rəhbərləri parlament seçkilərindən qalib çıxa bilərlər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi