SABİQ DEPUTAT QARABAĞDA DÖYÜŞƏN QADINLARIMIZI TƏHQİR ETDİ -

SABİQ DEPUTAT QARABAĞDA DÖYÜŞƏN QADINLARIMIZI TƏHQİR ETDİ - Və cavabını aldı...

"Cümşüd Nuriyevin özü də, ətrafı da alçaqdır!"

Eks-deputat Cümşüd Nuriyev AzTV-də Qarabağ müharibəsində iştirak edən qadınları əxlaqsız, küçə qadınları adlandırıb. 

Sabiq deputat deyib: “Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər”.

"AzPolitika.info"-nun məlumatına görə, onun bu çıxışı cəmiyyətdə, sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb. Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, vaxtilə qadın batalyonunun yaradılmasında iştirak etmiş Novella Cəfəroğlu Modern.az-a keçmiş deputatın səsləndirdiyi fikirlərə sərt etirazını bildirib:

“Cümşüd Nuriyev özü nədir ki, onun səsləndirdiklərinə də cavab verim?! Qadın batalyonu cəbhədə əsgərlər arasında ruh qaldırmaq üçün yaradılmışdı. Yəni ki, baxın, qadınlar da müharibəyə gedir. Həmin vaxt ali təhsilli, elmlər doktoru olan qadınlar cəbhəyə getmək üçün yazılmışdılar. İndi o qadınları bu formada təhqir etməyə Cümşüd Nuriyevə kim icazə verib?! Cümşüd Nuriyevin özü də, ətrafı da alçaqdır!”.

Novella Cəfəroğlu bir də belə təhqirə yol verən şəxsləri məhkəməyə verəcəyini qeyd edib:

“Bizim cəmiyyətin 6 qızı döyüşlərdə şəhid olub. Əsgərlərin yanına rayonlara gedirdik, yemək, geyim aparırdıq. Qadın batalyonunun işi bu idi. Özlərini yığışdırsınlar. Bir də bizim batalyona söz deyən olsa, hamısını məhkəməyə verəcəyik”.

“5 min qadınla rus tanklarının qarşısına çıxmışam”.Unikal.org xəbər verir ki, bu sözləri sabiq millət vəkili Cümşüd Nuriyevin təhqir etdiyi, Xalq Cəbhəsinin dövründə batalyon komandiri olan Xanım Xəlilova deyib.

Xanım Xəlilova hesab edib ki, türk qadını hər zaman qəhraman olur:“Mən, 1990-cı ildə 5 min qadınla rus tanklarının qarşısına çıxmışam. Çünki, rus qoşunları bizim müstəqilliyimizi yox etmək üçün qarşılarına çıxan hər kəsi öldürürdülər. Türk, azərbaycan kişisi qadını düşmənin önünə buraxmaz. Evdə olan kişilər, bilsələr ki, qadınlar düşmənin qarşısına çıxıb onların heç biri evdə oturmayacaqlar. Mənim rəhbərlik etdiyim qadınlara “Nənəxatun” adı qoymuşdum. Onları belə ruhlandırırdım. Bizə kimin nə deməsindən aslı olmayaraq, bu lazım idi. Biz düşmən qarşısına çıxanda “evdə uşağım, anam, atam var” kimi fikirlər düşünmədik”.

Xanım Xəlilova xatırladıb ki, Əbülfəz Elçibəy dövlət başçısı olanda mənə nazir vəzifəsi təklif etsə də, bundan imtina edib, komandir oldum: “Biz düşmənlə savaşdıq. Məni bir neçə dəfə ermənilər mühasirəyə aldı. Hətta məni öldürmək üçün başıma pul qoymuşdular”.

Qarabağ qazisi Gültəkin Quliyeva da redaktor.aza açqlamasında C.Nuriyevin işlətdiyi ifadələrə görə döyüşən Azərbaycan xanımlarından üzr istəməsini tələb edib: "Cümşüd Nuriyevə kim haqq verib ki, Azərbaycan xanımlarını təhqir edir?! Onun kimi ər olmaqdansa, ərsiz olub, vətənin müdafiəsinə qalxmaq şərəflidir. Xanım Xəlilova ilə aralarında nə baş verdiyini bilmirəm, mən müharibəyə vətənimi qorumaq üçün getmişəm. Xanım Xəlilovaya görə döyüşçü qadınları təhqir etmək olmaz. Ay şərəfsiz, mən döyüşəndə sən haradaydın?! Tələb edirəm ki, bütün Azərbaycan xanımlarından, döyüşçülərdən, şəhid ailələrindən, qazilərdən üzr istə!”

Qeyd edək ki, məsələ ilə bağlı dəfələrlə Cümşüd Nuriyevlə əlaqə saxlamağa çalışdıq. O, suallarımıza cavab verməkdən imtina etdi.Redaktor.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi