Sabirabadda iki nəfərdə “qara yara” aşkarlandı- Biri dünyasını dəyişdi
Sabirabadda iki nəfərdə “qara yara” xəstəliyi aşkarlanıb, onlardan biri dünyasını dəyişib.
Səhiyyə Nazirliyindən Trend.az-a verilən məlumata görə, Sabirabad Mərkəzi Rayon Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib:
“Öncə onlar hərarətlərinin soyuqdəymədən qalxmasını ehtimal ediblər. Lakin sonradan vəziyyətlərinin ağırlaşdığını görəndə qohumları xəstəxanaya müraciət etməyi qərarlaşdırıblar. Müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə “qara yara” olmasını ehtimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayonuna Taun Əleyhinə Stansiyaya göndərilib. Nümunələri öyrənən Taun Əleyhinə Stansiyanın mütəxəssisləri “qara yara” xəstəliyi diaqnozunu təstiqləyiblər. Diaqnozu bildikdə qohumları xəstələrin paytaxta aparılması qərarına gəliblər”.
Nazirlikdən bildirilib ki, iyul ayının 25-də xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyulun 29-da xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib:
“Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olublar. Hazırda ikinci xəstənin müalicəsi davam edir”.
Qeyd edək ki, bu xəstəlik xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir. Bu xəstəlikdən 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə isə 7 nəfərdə qeydə alınıb. Bu günə qədər xəstəliyə yoluxma ölümlə nəticələnməyib.
Bu xəbər üçün şərh yazın