«Sarı jilet»lərin etiraz dalğası Polşaya keçib
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «sarı jilet»lərin Fransada start götürmüş etiraz dalğası artıq Polşaya keçib. Belə ki, sarı jilet geyinmiş polşalı fermerlər Varşava yaxınlığında yolu bloklayıblar.
Bu barədə «RMF FM» radiosu xəbər verib.
«Fermerlərin bir neçə qrupu əllərində bayraq tutaraq, çərşənbə günü səhər saatlarında Mazovetsk voyevodalığının Brvinova rayonunda A2 avtomobil yolunu bağlayıb» – xəbərdə belə deyilir.
Fermerlər donuzların Afrika taunu ilə bağlı öz problemlərinin həllini tələb edirlər. Xüsusilə də onlar Afrika taunu virusunun yayılması təhlükəsi altında donuzların kütləvi kəsilməsinə görə, kompensasiya tələb edirlər.
Polisin məlumatına görə, etiraz aksiyası qeyri-qanunidir.
Məlum olduğu kimi, hazırda «sarı jilet»lərin etiraz aksiyası Fransanı bürüyüb. İlk olaraq, onlar benzinin qiymətinin qaldırılmasına etiraz edirdilər, sonra isə ölkədəki sosial situasiyaya qarşı etirazlara başlayıblar. Şənbə günü baş vermiş kütləvi etirazlar polislə toqquşma, talanlar və yanğınlar törətməklə, maşınları yandırmaqla, dükanları və bankları dağıtmaqla müşayiət olunub.
Bu xəbər üçün şərh yazın