Saxta sənədlərlə ələ keçirilən maşınlar nazirin bacısının adına rəsmiləşdirilib? - QALMAQAL
Bakıda fəaliyyət göstərən “B.T.İ. Ekspertiza” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumilikdə 73 min 600 manat dəyərində 2 nəqliyyat vasitəsi saxta sənədlərlə ələ keçirilib.
Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, nəqliyyat vasitələri Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin yaxın qohumlarının adına rəsmiləşdirilib.
MMC rəsmiləri baş vermiş oğurluqla bağlı baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Bakı prokuroru İlqar Abbasova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və Qaradağ rayon prokuroruna şikayət ərizəsi ünvanlayıblar. Surəti “Yeni Müsavat”a təqdim olunan ərizədə mülkiyyətdə olan nəqliyyat vasitələrini saxta sənəd düzəldib təqdim etməklə, vəzifə saxtakarlığı əsasında dələduzluq yolu ilə əmlakı mənimsəyən cinayətkar dəstənin ifşa edilməsi və cəzalandırılması istənilir.
“Kia Cerato” markalı, Az 99 PL 801 dövlət nömrə nişanlı və “Hyundai Elantra” markalı, Az 99 PL 576 dövlət nömrə nişanlı nəqliyyat vasitələri təmsil etdiyim “B.T.İ.Ekspertiza” MMC-nin xüsusi mülkiyyətində olub. “Kia Cerato” markalı, Az 99 PL 801 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Emil Elşən oğlu Babayevə idarə edilməsi məqsədi ilə; “Hyundai Elantra” markalı, Az 99 PL 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi isə Tərlan Yusif oğlu Məmmədova idarə edilməsi məqsədi ilə verilib.
Bu yaxınlarda sürücülərdən nəqliyyat vasitələri geri tələb edildikdə Elxan adlı şəxsin vasitəsi ilə nəqliyyat vasitələrinin özgəninkiləşdirildiyi məlum olub. “Hyundai Elantra” markalı, Az 99 PL 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı dəyişdirilərək Az 90 OM 066 nömrə nişanı verilərək tanımadığımız Lamiyə Nəbiyevanın adına, “Kia Cerato” markalı, Az 99 PL 801 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin nömrə nişanı dəyişdirilərək Az 10 XL 363 nömrə nişanı verilməklə Rəşad Bayramov adlı şəxsin mülkiyyətinə verilib.
Araşdırma apardıqda məlum oldu ki, Baş Dövlət Yol Polisinə Yol Polisinin 1-ci mərtəbəsinin 7-ci otağında vəzifə səlahiyyətlərini icra edən Seymur adlı əməkdaşa təqdim edilən MMC-nin adından məktub və etibarnamə saxtalaşdırılıb. Belə ki, təqdim edilən məktub və etibarnamədə möhür və imza MMC-nin Direktoruna məxsus deyil, bundan əlavə qeyd edilən əlaqə nömrələri də MMC-ə heç bir aidiyyatı yoxdur. Nəticə etibarı ilə bir qrup şəxslər tərəfindən “B.T.İ.Ekspertiza” MMC-ə 29 iyul 2020-ci il tarixdə əldə edilmiş “Kia Cerato” markalı, Az 99 PL 801 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 42 min 600 manat dəyərində və “Hyundai Elantra” markalı, Az 99 PL 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 31 min manat dəyərində, ümumilikdə 73 min 600 manat dəyərində ziyan vurulub. Hesab edirik ki, istintaq araşdırması aparılsa, cinayətkar şəbəkə üzvlərinin saylarının artması istisna deyil.
Göstərilənlərə əsasən Sizdən xahiş edirik ki, “B.T.İ Ekspertiza” MMCy-ə vurulmuş 73 min 600 manat ziyanın ödənilməsi və cinayətkar şəbəkənin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülsün".
Bu xəbər üçün şərh yazın