Şəhid qardaşının etirafının 2 SƏBƏBİ - Ekspert açıqladı
“Şəhid qardaşı Sənan Əhmədov videomüraciətində həqiqəti gizlədir. Onun pulu qaytarıldığı üçün videoda məcbur belə danışır”.
Bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az -a açıqlamasında deyib.
Ekspertin sözlərinə görə, şəhid qardaşının borcu bağlanıbsa, deməli onu bunun müqabilində danışdırıblar:
“Bu məsələni yoxlamaq üçün 10-15 dəqiqə vaxt lazımdır. Sənan Əhmədovu çağırıb, hansı bankda borcu olduğunu öyrənmək olar. Məsələn, X banka borcu olubsa, onunla bərabər həmin banka gedib, 5 dəqiqə ərzində borcunun qalıb-qalmadığı yoxlanıla bilər. Əgər Sənan Əhmədovun borcu bağlanılıbsa, aydın məsələdir ki, onu bu yolla danışdırıblar. İstənilən halda çox rəzil hərəkət, utancverici mənzərədir. 77 igidimiz şəhid olub, bütün xalq matəm içindədir, lakin məsələni bu şəkildə ictimailəşdirənlər insan ola bilməz. Sənan Əhmədovun danışığından hiss olunur ki, onun arxasında heç kim olmadığına görə həqiqəti danışmır. Videomüraciətdə dedikləri sadəcə olaraq məcburiyyətdəndır. Xalqı, insanları bu qədər alçaltmaq olmaz. Çox istərdim ki, bu məsələnin üstünə getsinlər. Düşünürəm ki, bu çirkin əməli edən şəxsi çağırıblar ki, Sənan Əhmədovun pulunu versin və məsələ bağlansın”.
Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov “Komando”ya qəbul edilmək üçün qardaşından 6 min manat rüşvət tələb olunduğu deyib.
Ötən gün isə şəhid qardaşı videomüraciət yayaraq, sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib.
Bu xəbər üçün şərh yazın