Səttar Möhbalıyev: “Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib”
“Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla həm də regionun tarixində yeni bir səhifə açdı. Artıq region ölklərinin və qonşu dövlətlərin qarşısında tamamilə yeni, daha perspektivli inkişaf istiqamətləri açılıb.
Əlbəttə ki, bu imkanlardan yararlanmaq üçün beynəlxalq əməkdaşlığın qurulması lazımdır. Azərbaycan isə hər zaman konstruktiv əməkdaşlığın tərəfdarı olub. Aprelin 13-də ADA Universitetində keçirilmiş "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda səslənən fikirlər də bunu bir daha təsdiq etmiş oldu.”
Faktinfo.az xəbər verir ki,bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı öz Qələbəsini dövlətimizin iqtisadi və siyasi gücü, eləcə də beynəlxalq nüfuzunun xüsusilə son illər artması nəticəsində əldə etmişdir: “Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ məsələsini hər zaman prioritet edib və bütün bu illər ərzində dünyanın ən mötəbər kürsülərindən etdiyi bütün çıxışlarında dövlətimizin başçısı bu məsələni daima önə çəkib. Lakin rəsmi İrəvan bütün bu illər ərzində Azərbaycanın dəyişildiyini və gücləndiyini dərk edə bilmədi. Buna görə də indi Ermənistan məğlub və misgin bir ölkəyə çevrilmişdir. Azərbaycanın Qələbəsi isə həm ölkəmizin, həm də regionun inkişafında yeni bir mərhələ açıb. Lakin möhtərəm Prezidentimizin də dediyi kimi, inkişafın əsası sabitlikdir. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Təbii ki, Azərbaycan riskləri minimallaşdırmaq üçün müvafiq addımlar atacaq. Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər və bu əsasla regionda yaratdığı yeni əməkdaşlıqlar dövlətimizin böyük uğurudur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir və əməkdaşlıq formatları regional stabilliyə misilsiz töhfədir.
Səttar Möhbalıyev daha sonra vurğulayıb ki, Azərbaycanın indiyədək bütün məsələlərdə konstruktiv mövqe sərgilədiyi və beynəlxalq hüququn tərəfdarı olduğu da konfrans iştirakçıları tərəfindən birmənalı qəbul edilib: “Konfrans iştirakçıları da öz çıxışlarında qeyd etdilər ki, Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanmışdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təmkinli şəkildə müharibə apardı. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə olmuşdur. Azərbaycan Prezidenti müharibənin hərbi fazasını Şuşadakı Qələbəmizdən sonra dayandırmaqla dərin strateji baxış nümayiş etdirdi. Müharibə zamanı vurğulanan hədəflər, əslində, illər boyu aparılmış danışıqların, ilkin razılaşmaların, 2009-cu ildə razılaşdırılmış baza prinsipləri ilə uzlaşır.
Həmçinin İkinci Qarabağ müharibəsinin yenidən qabarıq formada üzə çıxardığı məqamlardan biri də Azərbaycanın həqiqətən tolerant və multikultural bir ölkə olmasıdır. Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və Azərbaycan çoxmillətli ölkədir. Vətən müharibəsi zamanı bütün etnik qruplardan olan insanlar son damla qanlarınadək tək düşmənə qarşı vuruşublar. Azərbaycan həmişə konstruktiv mövqedə olub, danışıqların simulyasiyasına etiraz edib. Ölkəmiz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olub, çünki biz münaqişədən əziyyət çəkən tərəf olmuşuq. Lakin bu gün biz artıq bu çəkdiklərimizin hesabını tələb etmək iqtidarındayıq və bunu edirik. Azərbaycan rəsmi İrəvandan “İsgəndər-M” raketi ilə bağlı açıqlamaları tələb edir və biz bu cavabı alacağıq. Ermənistandan fərqli olaraq Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranıb. Müharibə zamanı hərbi qulluqçularımız tərəfindən bir nəfər belə olsun mülki vətəndaşlara zərər yetirilmədi.
Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur.” Həmçinin Səttar Möhbalıyev qeyd edib ki, Prezident İlham Əliyevin tarixi həqiqətlərin təhrif olunmasının yolverilməzliyinə dair konfransda səsləndirdiyi fikirlər Ermənistanın bəzi revanşist əhval-ruhiyəli dairələrinə ünvanlanmış sərt xəbərdarlıq nesajı kimi qəbul olunmalıdır: “Möhtərəm dövlət başçımızın öz çıxışında toxunduğu tarixin təhrif olunması məsələsi son dərəcə vacib məqamlardan biridir. Bu gün münaqişədən sonrakı mərhələ barədə danışıqlarda iştirak edəcək bütün tərəflər başa düşməlidirlər ki, məhz bizim ərazilərimiz 30 il işğal altında qalıb. Cənab Prezidentimizin də dediyi kimi, münaqişənin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalıdır. Xüsusilə gənc nəsil tarixi həqiqətləri olduğu kimi bilməlidir. Gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilməlidir. Azərbaycan ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklər də xalqımız tərəfindən heç zaman unudulmayacaq. Və əgər Ermənistanda kimlərsə yenə də revanşist şüarlar səsləndirməyə qalxarlarsa, bu, erməni xalqına daha böyük bədbəxtliklərdən başqa heç nə gətirməz.”
Bu xəbər üçün şərh yazın