Səttar Möhbalıyev: "Dövlətimizin bugünkü mövcudluğunun əsası məhz 1993-cü ilin 15 iyununda qoyuldu"
“Milli Qurtuluş Gününün bizim həyatımızda müstəsna əhəmiyyəti var. Dövlətimizin bugünkü mövcudluğunun, varlığının əsası məhz həmin Gün – 1993-cü ilin 15 iyununda qoyuldu.
Dövlətimizin 15 iyundan başlayan sonrakı taleyinə baxdıqda görürük ki, həmin gün bizim üçün nə qədər önəmlidir. Çünki Azərbaycan xalqı ən vacib qərarını verərək çətin və ağır vəziyyətdə olan taleyini Heydər Əliyevə tapşırdı”.
Faktinfo.az xəbər verir ki,bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“1990-cı ildən başlayaraq Azərbaycan xalqı tarixinin ən çətin, keşməkeşli dövrünü yaşayırdı. Bu, böyük tarixi keçmişi, möhkəm milli əsasları, geniş siyasi və ədəbi dünyagörüşü olan qədim və inkişaf etmiş bir xalqın düşdüyü vəziyyət idi. Ölkənin ictimai-siyasi həyatında çaxnaşmalar, cəbhədə məğlubiyyətlər, anarxiya, xaos hakim idi. Öhdələrinə götürdükləri işin məsuliyyətini və mahiyyətini başa düşməyən, xalqın düşdüyü vəziyyəti anlamayan, daxili siyasi vəziyyəti düzgün qiymətləndirməyən, xarici siyasətdə dövlət maraqlarından çıxış etməyən, kadır siyasətini dostluq prinsipləri üzərində quran quvvələr, sözün əsl mənasında, ölkəni uçurumun kənarına gətirmişdilər. Nazirlər və digər rəhbər vəzifəli şəxslər səlahiyyətlərinə daxil oldu-olmadı xarici dövlətlərin ünvanına yersiz bəyanatlar səsləndirməklə dövlətlərarası münasibətlərin qurulmasına ciddi xələl gətirir, Azərbaycana qarşı münasibətdə onları ehtiyatlı olmağa sövq edirdilər. Azərbaycan reallığı üçün xarakterik olmayan yersiz bəyanatlar xarici qüvvələrin dəstəyi ilə ölkəni parçalanmaq təhlükəsi qarşısında qoymuşdu. Separatçı meyillər artmışdı. Qanunsuz fəaliyyət göstərən silahlı dəstələr özbaşınalıq edir, paytaxt daxil olmaqla ölkənin hər yerində silahlı insidentlər baş verirdi. Xalq varlığını, ölkənin bütövlüyünü, elan olunmuş müstəqilliyin qorunub saxlanılmasını arzu edirdi. Ancaq mövcud hakimiyyət və onun rəhbərləri buna heç cür qadir deyildi. Hərc-mərclik, özbaşınalıq, avantürizm baş alıb gedirdi”, - S.Möhbalıyev bildirib.
“Xalq 1993-cü ildə Azərbaycan dövlətini bu çətin girdabdan xilas etmək üçün Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Ulu öndərin xalqın səsinə səs verərək Bakıya gəlişi bütün narahatlıqları aradan qaldırdı. Bu qayıdış xalqımızı düçar olduğu fəlakətdən xilas etdi. Ulu öndərin əsasını qoyduğu milli qurtuluş fəlsəfəsi müstəqilliyin nüvəsi oldu. Çox böyük real təhlükələrin qarşısına alaraq xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma aradan qalxdı, respublikamız vətəndaş müharibəsindən və parçalanmadan xilas oldu. Həmin gündən ötən dövr ərzində ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi”, - AHİK sədri qeyd edib.
“Ötən il xalqımız zəfər tarixini yaşadı, Ermənistan işğalında olan torpaqlarını cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük qələbə ilə azad etdi. Bu qələbənin şərtlənməsində Ulu Öndərin qoyduğu təməl danılmazdır. O, 1993-cü ildə hakimiyyətə gələrkən Ermənistanın ölkəmizə hərbi təcavüzü davam edirdi. Rayonlarımız, kəndlərimiz ard-arda işğal olunurdu. Məhz ulu öndər Prezident seçildikdən sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yarandı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr yaradıldı. Nəhayət, Ermənistanın hərbi hücumlarının qarşısı alındı. Ardınca Heydər Əliyevin Ali Baş Komandanlığı ilə 1994-cü ilin yanvarında həyata keçirilən uğurlu “Horadiz” əməliyyatı nəticəsində Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun bir kəndi işğaldan azad edildi. Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti sayəsində nail ola bilmişdi. “Horadiz” əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi götürüldü. Bu məğlubiyyətdən sonra düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu. Beləliklə, Ermənistanla münaqişədə əsaslı dönüş baş vermiş oldu”, - deputat əlavə edib.
“Böyük fəxarətlə qeyd edə bilərik ki, Prezident İlham Əliyev ulu öndərin qurub yaratdığı Azərbaycanı daha da zirvələrə qaldıraraq regionun ən inkişaf etmiş lider dövlətinə çevirib. Məhz cənab Prezidentin qətiyyəti sayəsində uzun illər davam edən Ermənistanın Azərbaycana qarşı işğal siyasətinə son qoyuldu, torpaqlarımız işğaldan azad edildi, Ermənistan ordusu haqqında yaradılmış yalançı məğlubedilməzlik mifi və erməni faşizmi məhv edildi. Artıq işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və abadlıq işləri sürətlə həyata keçirilir, iri iqtisadi layihələr icra olunur. Bu gün Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük hədəflərə doğru böyük şövq və ilhamla irəliləyir”, - S.Möhbalıyev fikrini tamamlayıb.
Bu xəbər üçün şərh yazın