Səttar Möhbalıyev: “Şəhid ailələrinin və qazilərin sosial şəraitinin yaxşılaşdırılması işləri ardıcıl və planlı şəkildə həyata keçirilir”

Səttar Möhbalıyev: “Şəhid ailələrinin və qazilərin sosial şəraitinin yaxşılaşdırılması işləri ardıcıl və planlı şəkildə həyata keçirilir” 

“İstər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ailələri, valideynləri, yaxınları, həmçinin hər iki müharibədə əlil olmuş şəxslər, veteranlar hərtərəfli dövlət qayğıları ilə əhatə olunurlar.

Ulu Öndər Heydər Əliyevin Prezident olduğu vaxtlar həmin kateqoriyadan olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin əsas siyasəti xəttini təşkil edirdi. Onlara mənzillər və avtomobillər verilir, işlə təmin olunur, digər problemləri aradan qaldırılırdı. Bu ənənə Ümummilli Liderin müzəffər davamçısı cənab İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Tarixi qələbəmizin təmin olunduğu Vətən müharibəsi başa çatandan dərhal sonra möhtərəm Prezidentimiz şəhid ailələri, qazilər, müharibə iştirakçıları, həmçinin müharibədən ziyan çəkmiş insanlarımız barədə göstərişlər verdi, onlar tamamilə dövlətin qayğısı altına alındı”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla başlayan və zəfərlə sona çatan Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır: “Xalqımızın birliyi, dəmir yumruq kimi birləşməsi qələbəmizin əsas təminatçısı oldu. Bu gün şəhidlərimiz, qazilərimiz, ümumiyyətlə, bütün müharibə iştirakçıları cəmiyyətimizdə böyük nüfuz sahibidirlər, xalqımız şəhidlərimizi böyük ehtiramla anır, xatirələrini əziz tutur, qazilərimizə hörmətlə yanaşır. Bu həm də bizim vətəndaşlıq borcumuzdur. Onlar Vətənimizin birliyi, suverenliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda şirin canlarını belə əsirgəmədilər. Bütün dünya Ali Baş Komandan başda olmaqla Azərbaycan hərbçilərinin qəhrəmanlıqlarından bəhs etdi. Vətən müharibəsində strateji və taktiki hərbi əməliyyatlarımız dünya hərb tarixində yeni bir səhifə açdı. Müharibədə iştirak etmiş hər bir şəxs qələbəmizin bir parçasıdır. Cənab Prezidentin sərəncamları ilə onlar medallarla təltif olundular, layiq olduqları statusu qazandılar. Bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin diqqət və qayğısıdır”.

“Şəhid ailələrinin və müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ardıcıl və planlı şəkildə həyata keçirilir. Avqustun 26-da – hələ müharibənin başa çatmasından bir il keçməmiş şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına dövlət tərəfindən 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olundu. Mərasimdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım

Əliyevanın şəxsən iştirakı onların bu məsələyə nə qədər diqqət yetirdiklərinin bariz nümayişidir. Dövlət başçımız şəhid ailələri ilə, qazilərlə şəxsən görüşdü, hərbçilərimizin qəhrəmanlıqlarından bir daha söz açdı. Görünən odur ki, dövlətimiz həmişə onların yanındadır, bütün problemlərinin həlli istiqamətində əlindən gələni edir. 1997-ci ildən bu günə kimi şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi bu cür sosial layihələrin icrasına diqqət yetirilmir. Bu, cənab Prezidentin humanist xarakterli siyasi fəaliyyətinin tərkib hissəsidir. Dövlət başçısının bu ilin yanavar ayında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. Belə ki, 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Odur ki, dövlətin bu siyasəti bundan sonra da davam etdiriləcək”, - AHİK sədri vurğulayıb.

S.Möhbalıyev qeyd edib ki, dövlətimizin diqqət və qayğısı bununla məhdudlaşmır, şəhid ailələri və veteranlar işlə təmin olunur, özünüməşğulluq proqramına, ictimai işlərə cəlb edilir, onlara reabilitasiya xidmətləri göstərilir, həmçinin yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir, yeni nəsil protezlərlə təmin edilir.

“Mərasimdə çıxışı zamanı cənab Prezident Ermənistanın indiki halını çox gözəl təsvir etdi. Bildirdi ki, Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır. Həqiqətən də, bunlar heç sərhədlərini belə qoruya bilmirlər, təhlükəsizliklərini təmin edə bilmirlər, müstəqil iqtisadiyyata malik deyillər. Özgə torpaqlarında quraşdırılan bu dövlət həmişə başqa ölkələrin əlaltısı olub, siyasi məqsədlər üçün ortaya atılıb. Onların işğal siyasətinin qurbanı elə özləri olublar. Başlarına enən dəmir yumruğun təsirindən xislətlərinə çökmüş işğal siyasəti bir daha çətin yadlarına düşə”, - Milli Məclisin deputatı fikrini tamamlayıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi