SOCAR-ın adı yeni qalmaqalda: Binaları qanunsuz sökmək istəyən şirkətin himayədarı kimdir - Xalik Məmmədovmu?
Xəbər verdiyimiz kimi, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 6A saylı binada yaşayan sakinlər bir müddət əvvəl redaksiyamıza müraciət edib evlərinin sökülə biləcəyindən nigaranlıqlarını dilə gətirmişdilər.
Şikayətçilərin sözlərinə görə, məhəllələrinin qarşısındakı 2 ikimərtəbəli binanı söküb yerində göydələn ucaldan “Vesta Construction” adlı bir şirkət indi də onların evlərinə göz tikib. Dəfələrlə bina sakinlərinə könüllü olaraq yaşadıqları mənzili tərk etmələrini və şirkətlə razılaşmayacaqları təqdirdə Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə məsələni çözüb sağlam binaya qəzalı raportu alacaqlarını bildiriblər. Bu təhdiddən qorxuya düşən sakinlərin üz tutmadığı, döymədiyi qapı, məktub yazmadığı ünvan qalmayıb.
Sakinlərin müxtəlif orqanlara yazdıqları məktublardan bir qismi:
Sakinlərin yuxusunu ərşə çıxaran bu problem Ovqat.com-da ictimaiyyələşdiriləndən sonra rayonun icra başçısı Arif Qasımov onlarla görüşüb və binalarının plana düşmədiyini, ümumiyyətlə pilot layihələrin ötən ildən dayandırıldığını bildirib. İcra başçısı onu da deyib ki, həmin tikinti şirkəti bir də onları narahat etsə, şəxsən özünə və rayon polis idarəsinə xəbər versinlər.
Maraqlıdır ki, icra başçından əvvəl onun birinci müavini Qərib Məmmədov da sakinlərin şikayətlərinə eyni məzmunda yazılı cavab verib. Vəkil İntiqam Haciyevin sorğusuna göndərilən cavab məktubunda deyilir:
“Nizami rayonu, Mehdi Abbasov küçəsi, 6A saylı binanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə nəzərdə tutulmuş Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, söküntüsü nəzərdə tutulan 131 yaşayış binasına daxil olub-olmaması barədə müraciətinizə Rayon İcra Hakimiyyətində baxılmışdır.
Nəzərinizə çatdırırıq ki, Mehdi Abbasov küçəsi 6A saylı bina sözügedən qərarla nəzərdə tutulan 131 binalara daxil edilməmişdir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 3 il əvvəl həyata keçirdiyi pilot layihələrində yalnız 1950-60-cı illərdə inşa edilmiş binaların sökülməsi nəzərdə tutulurdu. “Vesta Construction”un qanunsuz olaraq sökməyə çalışdığı bu bina isə 1970-ci illərin sonlarında inşa edilib.
İcra başçısının şikayətçiləri haqlı görməsinə baxmayaraq, “Vesta Construction” şirkətinin bina sakinlərinə basqıları dayanmaq bilmir. Sakinlərin bildirdiyinə görə, şirkətin nümayəndələri hər gün onların qapısını döyüb binanı tərk etmələrini məsləhət görür. Sakinlər isə çaş-baş qalıblar. Bilmirlər icra başçısına, yoxsa evlərinə göz dikən “Vesta Construction”-a inansınlar.
Əməkdaşımızla söhbət zamanı “Vesta Construction” şirkətinin Ceyhun Musarza oğlu Quliyev adlı şəxsə məxsus olduğunu bildirən sakinlər onun sərhəd tanımayan gücünün hardan qaynaqlandığına da aydınlıq gətiriblər. Bildirildiyinə görə, Ceyhun Quliyev SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun yaxın qohumudur. Qohumunun himayədarlığına arxalanan bu adam rayonda heç kimi hesaba qoymur.
Qəribədir ki, Xalik Məmmədovun adı başqa məsələlərdə də hallandırılır. İnsanların narazı salınmasının bu məqamla nə qədər əlaqəsi olduğunu araşdırmağı dövlət yetkililərinə buraxırıq.
Açığını desək, xüsusilə son zamanlar Qarabağ əlillərinin SOCAR-a qarşı üsyanının aktivləşdiyi bir zamanda Xalik Məmmədovun öz qohumunu başqalarının evini sökməyə həvəsləndirməsi bizə inandırıcı görünməsə də, hər halda sözügedən binanın sakinləri onun adından istifadə olunmasından gileylidirlər. Ümidvarıq ki, SOCAR ətrafında növbəti qalmaqal çıxmadan müvafiq qurumlar, həmçinin adı qanunsuz fəaliyyətə himayədarlıqda hallandırılan Xalik Məmmədov şəxsən bu məsələ ilə maraqlanacaq və problemi yoluna qoyacaq.
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.\\Ovqat.com
Bu xəbər üçün şərh yazın