"Sosial problemlər artır, əhalinin güzəranı çətinləşir, qiymətlər sürətlə bahalaşır" - Qubad İbadoğlu
“Beş aydan çoxdur ki, atəşkəs imzalansa da hələ də mülki həyatda canlanma yoxdur, əksinə hər ötən ayda ölkədə yaşam şərtləri daha da ağırlaşır.
Cari ilin birinci rübünun başa çatmasından 13 gün ötsə də sosial-iqtisadi yekunlar müzakirə olunmur, əldə edilmiş nəticələr və itirilmiş imkanlar dəyərləndirilmir”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ-da yaşayan iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.
Q.İbadoğlu qeyd edib ki, belə olanda da həlli vacib sosial problemlər artır, əhalinin güzəranı daha da çətinləşir, istehlak qiymətləri sürətlə bahalaşır:
“Bir ildən çoxdur ki, orta aylıq əmək haqqı davamlı olaraq azalır, son zamanlar bəzi dövlət və özəl şirkətlərdə maaşlar ödənilmir, işsizlik və yoxsulluq kütləviləşir. Pandemiyanın neqativ təsirlərindən və məhdudiyyətlərindən əziyyət çəkən kiçik və orta biznes əsassız cərimələr və büdcəyə əlavə ödənişlərlə yüklənərək çıxılmaz duruma salınır. Beləliklə də ölkədə iqtisadi həyat sönür, işgüzar fəallıq passivliklə əvəz olunur, iqtisadiyyatda böhran müşahidə olunur və real sektor üzrə tənəzzül dərinləşir.
Bir çox ölkələrdə cari ildən müsbət dəyişikliklər qeydə alındığı halda Azərbaycanda rəsmi məlumatlara görə, bu ilin 2 ayında sığorta bazarı 15,8 faiz, bankların xalis mənfəəti 25,3 faiz, banklarda depozitlərin həcmi 5,2 faiz, kredit portfeli 6,8 faiz, xarici ticarət dövriyyəsi 12,7 faiz, sənaye istehsalı 4 faiz, ÜDM istehsalı 3,2 faiz azalıb. Hətta pandemiya dövründə əksər ölkələrdə pozitiv dinamikaya malik olan informasiya və rabitə xidmətləri Azərbaycanda ilin ilk 2 ayında 4,5 faiz aşağı düşüb.
İlin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə neft gəlirləri 43 faiz, əhalinin nominal gəlirləri 4 faizdən çox azalıb.
İş adamlarının, istehlakçıların rəylərindən məlum olur ki, bu il ötən illə müqayisədə xeyli pis başlayıb və belə davam edərsə iqtisadiyyat daha da acınacaqlı duruma düşə bilər. Odur ki, iqtisadiyyatın mövcud durumunun və onun hazırkı sosial nəticələrinin böhran masasında müzakirəsini təklif edirəm”.
Bu xəbər üçün şərh yazın