Su sayğacları ilə bağlı ciddi narazılıq yaranıb
“Azərsu” ASC Bakı şəhərində mənzillərə verilən suyun dəqiq hesabatını aparmaq üçün sayğaclar quraşdırıb.Sayğaclaşma prosesindən kim(lər)in qazanclı çıxıb, milyonlarla manat əldə etməsi başqa bir yazının mövzusudur.
İndi toxunmaq istədiyimiz məsələ binaların bloklarına quraşdırılan sayğacların normal işləməməsi ilə bağlıdır.Belə ki.“Gəncə Cihazqayırma zavodu” ASC,eləcə də Abşeron Cihazqayırma zavodu tərəfindən istehsal edilən, “Azərsu” ASC tərəfindən quraşdırılan sayğaclar abonentlərə çətinliklər yaradır.
Bu barədə kifayət qədər narazılıq var.Məsələn,abonent “e-Manat” aparatında ödədiyi vəsaiti sayğaca yükləyəndə,aparat vəsaitin müəyyən bir hissəsini qəbul edir, qalan hissəsini isə aparat qəbul etmir və həmin vəsait kartda qalır.Bir müddət sonra abonent kartdakı qalıq vəsaiti sayğaca yükləmək istədikdə aparat vəsaiti qəbul etmir,yadaki yanğın rejimində abonentə su verir. Haqlı sual yaranır : abonentin kartdakı balansında vəsait varsa,nədən aparat mənzilə yanğın rejimində kreditlə su verməlidir? Və yaxud kreditlə verilən su istifadə olunub–olunmamasından aslı olmayaraq niyə müəyyən vaxtdan sonra hesabdan silinməli,kartdakı balansdan kreditə vəsait çıxılmalıdır? Digər tərəfdən abonent niyə kartdakı vəsaiti bərpa etmək üçün yaxınlıqdakı ASAN Xidmətə,Su Kanal İdarəsinə müraciət edib,vaxt itirməlidir?
Elə bu səbəbdən “Azərsu” ASC-nin qaynar xətti olan 955 nömrəsinə olunan zənglərin sayı durmadan artır.Baş verənlərdən “Azərsu”ASC də məlumatlıdır. Bir neçə ay bundan qabaq şikayətlərin çoxluğu nəzərə alınaraq Bakının Nizami rayonunda quraşdırılan yüzlərlə sayğac yeniləri ilə əvəzləndi. Bu faktın özü bir daha sübut edir ki, quraşdırılan sayğaclar tam keyfiyyətsizdir,yəni dövlət vəsaiti havaya sovrulub.
Digər maraqlı məqam isə ondan ibarətdir ki, quraşdırılan sayğaclara 3 manatdan aşağı vəsait yükləmək mümkün deyil.Bəlkə birinin 2 manatı var, bu vəsait hesabına 4 kub su ilə bir neçə gün kifayətlənmək istəyir. Nədən o bu imkandan məhrum olmalıdır? Necə olur ki, “Azəriqaz”-da,”Azərişıq”-da bu mümkündür, amma “Azərsu” ASC-də yox?
Bütün bunlar isə abonentlər üçün əlavə vaxt itkisi, əsəb və narazılıq yaradan əmsallardır. Hətta bəzi abonentlər fikir səsləndirir ki, sayğaclar düzgün işləmir. Mənzillərə verilən suyun həcmində şübhə doğuran məqamlar var. Buna görə bəzi abonentlər suyun dəqiq uçotunu aparmaq üçün “Azərsu” ASC-nin bloklara quraşdırdığı sayğaclardan əlavə, mənzillərinə də sayğac quraşdırmaq fikrinə düşüblər. Bu fikir o səbəblə irəli sürülür ki, sayğaca yüklənən vəsaitlə mənzilə daxil olan suyun həcmində uyğunluğun olub-olmadığına dair əminlik yaransın. Bu real görünməsə də,abonentlər məcburiyyətdən belə bir fikirə düşürlər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın