Sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir
Vətən müharibəsində qazandığımız Qələbə ölkəmizin iqtisadi gücünün və hərbi qüdrətinin əyani sübutu oldu.
Bu Qələbə tarixi ədaləti bərpa etdi, 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi Azərbaycanın öz torpağının və öz taleyinin sahibi olduğunu bütün dünyaya sübut etdi. Şəhidlərimizin qanı döyüş meydanında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz tərəfindən alındı.Digər işğal altında olan ərazilərimiz kimi doğma Füzuli şəhəri və 61 kəndimiz düşmən taptağından azad edildi. Biz füzulilərin 30 illik vətən, torpaq həsrətinə son qoyuldu.
Torpaqlarımızın azad edilməsindən bir il müddət ötüb. Ötən bir il ərzində görülmüş işlər Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Bir ilə görülmüş işlərə qiymət verərkən görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buna nail olmaq üçün əməli işlər aparılır və azad olunmuş şəhərlərin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunur.
Azad olunmuş ərazilərə gələn hər bir insan dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna, sadəcə olaraq, biganə qalırdılar, göz yumurdular.
Görün vandalizm hansı həddə çatıb ki, Füzuli kimi bir şəhər işğaldan azad edildikdən sonra bayraq asmağa bir salamat bina tapılmadı.
Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Hazırda azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən infrastruktur layihələr bütün regionun gələcək inkişafına hesablanmış tədbirlərdir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı böyük perspektivlərə malik olan layihədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Türkiyə şirkətləri də artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışlar.
Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir.Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işlərigörülüb. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları. Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Cəbrayıla çəkilən 4-6 zolaqlı yol buraya gələn vətəndaşların rahat gəlməsini və buradan keçən Zəngəzur dəhlizindən istifadə etməsini təmin edəcəkdir. Artıq birinci yaşayış binasının təməli qoyuldu. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər həm də xəstəxana olacaq, məktəb olacaq, iş yerləri olacaq. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi.
Oktyabrın 4-ü Azərbaycan xalqının tarixində əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. İlk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıl əməliyyatının çox böyük həlledici əhəmiyyəti var idi. Düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik. Strateji əhəmiyyət daşıyan kəndləri azad edəndən sonra artıq Zəngilanın azad edilməsi labüd idi. Eyni zamanda, Füzuli, Cəbrayıl əməliyyatlarından sonra Hadruta aparan yol da artıq açılmışdı.
Müharibə bitdi, Azərbaycan xalqı qalib gəldi və yeni reallıq yaratdı. Hər kəs bu reallıqla hesablaşmalıdır.Biz imkan vermərik Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın. Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz. İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Bu cür ucuz təxribatlara əhəmiyyət verilməməlidir. Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Azərbaycan bu bölgələrə İsraili gətirib kimi uydurmalar əsassızdır. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Azərbaycan imkan verməz ki, kimsə əsassız iftira uydursun.
Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq.
Vətən müharibəsində qazanılmış Qələbə artıq yeni reallıqlar yaradıb. Azərbaycana olan maraqlar artıb. Çünki, Azərbaycan əməkdaşlığa açıq ölkədir. Ölkəmiz bütün qonşu dövlətlərə əməkdaşlıq platformasını təqdim edib. Türkiyə Prezidenti tərəfindən təklif olunan əməkdaşlıq platformasına Azərbaycan birinci ölkə olaraq öz dəstəyini göstərib. Hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Bölgədə sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri də biz dəstəkləyirik. Artıq bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır.
Cəmi bir il vaxt keçməsinə baxmayaraq, azad edilmiş ərazilərdə sürətli bərpa- quruculuq işləri gedir, iri infrastruktur layihələr reallaşdırılır. Bütün bunlar böyük maliyyə tələb edən işlərdir. Bəllidir ki, bu gün görülən işlərin sürəti və miqyası dövlətimizin gücünün və potensialının əsil göstəricisidir.
Sevindirici haldır ki, bizim rayonumuzun ərazisində də bərpa-quruculuq işləri sürətli şəkildə davam etməkdədir. Hal-hazırda Füzuli Beynəlxalq Hava Limanının inşası yekunlaşmışdır. Füzuli- Şuşa, Füzuli- Hadrud, Füzuli-Zəngilan avtomobil yollarının və Horadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla icra olunur.Horadiz-Ağbənd dəmir yolunun çəkilişi ilə Ordubaddan Ermənistan sərhədinə qədər çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.
Yaşadığımız Zəfər sevinci Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin təntənəli nəticəsidir. Əminik ki, bu siyasət bizi işıqlı sabaha, rifaha və tərəqqiyə aparacaqdır.
Taleh Məmmədov
Füzuli rayon Statistika idarəsinin
Baş məsləhətçisi
Bu xəbər üçün şərh yazın