ŞUŞA BƏYANNAMƏSİNİN MOSKVA ƏKS-SƏDASI... - Və Zaxarovanın şərh vermək haqqı
Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri, eləcə də Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan tarixi Şuşa Bəyannaməsinin ölkələrimizi sevməyən dairələrdə qıcıqla, narazılıqla qarşılanacağı gözlənilən idi.
Əvvəlcə Ermənistan XİN bu səfər və bəyannamə barədə tragikomik bir açıqlama verərək, baş verənləri pislədi. Ardınca, Rusiyanın da münasibəti özünün çox gözlətmədi...
Bütün varlığı ilə öz şefi Lavrov kimi ermənipərəstliyini ört-basdır etməkdə çətinlik çəkən Rusiya XİN sözçüsü Mariya Zaxarova sözügedən sənədlə bağlı deyib: “Biz Azərbaycan və ya Ermənistanın üçüncü tərəflərlə ikitərəfli münasibətlərini Dağlıq Qarabağ mövzusu ilə qarışdırmağı düzgün hesab etmirik. Sonuncu Azərbaycan-Türkiyə yüksək səviyyəli təmaslarına məhz bu əsasda baxırıq... Hesab edirik ki, regionda ikitərəfli əlaqələr, o cümlədən hərbi əlaqələr digər dövlətlərə qarşı qurulmamalıdır. ”
Fikir verin, bunu 44 günlük müharibə günlərində, elə ondan əvvəl və sonra da Ermənistana hər cür hərbi, siyasi, iqtisadi dəstək verən bir ölkənin sözçüsü deyir. Bunu prezidenti 44 günlük müharibə günlərində Ermənistana hər cür hərbi yardım göstərdiklərini etiraf edən, müxtəlif əyri-üyrü yollarla ermənilərə sialh-sursat göndərən, gecə-gündüz təbliğat maşını ermənilərin xeyrinə, Azərbaycanınsa əleyhinə işləyən, Azərabyacana qara yaxan, onu ləkələməyə çalışan, yalan, böhtan saçan ölkənin sözçüsü deyir.
Nəhayət, bunu Qarabağa çağırılmamış qonaq kimi soxulan, özünü oraların ağası, ermənilərin hamisi və sahibi kimi aparan, adı sülhməramlı olsa da, dünyanın heç bir nöqtəsində “sülh göyərçini” kimi qəbul olunmayan və bunu öz əməllərilə hər addımında göstərən ölkənin sözçüsü deyir.
Birincisi, bu bəyannamədə onun məhz Ermənistana qarşı yönəldiyini sübut edən heç bir bənd, cümlə yoxdur. Və orada söhbət iki ölkənin müxtəlif, o cümlədən hərbi sahədə qarşılıqlı əlaqələrindən gedir.
İkincisi, bu bəyannamə bir ölkənin suveren ərazisində, iki suveren ölkə arasında imzalanan sənəddir və istər beynəlxalq hüquq, istərsə də məntiqlə onun nə Rusiyaya, nə də hansısa başqa bir ölkəyə uzaqdan-yaxından heç bir aidiyyatı yoxdur və onu kiminsə şərh etməsi də adi etik qaydalara belə uyğun gəlmir.
“Hesab edirik ki, regionda ikitərəfli əlaqələr, o cümlədən hərbi əlaqələr digər dövlətlərə qarşı qurulmamalıdır” deyən Zaxarovanın və onun şeflərinin məntiqindən belə çıxır ki, Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlıq müqaviləsi bağlananda Türkiyə, yaxud Azərbaycan çıxıb bu sənədi şərh etməli, ona qarşı çıxmalı idi.
Guya bilinmirdi ki, Rusiya-Ermənistan hərbi əməkdaşlığı kimi hədəf götürüb? Bəlkə həmin sənəd Azərbaycana və Türkiyəyə yox, Mozambikə qarşı yönəlmişdi? Bəlkə müharibənin son günlərində Şuşaya və Bakıya tuşlanan raketlərin də Rusiyaya heç bir aidiyyatı yox idi? İndi belə bir ölkənin XİN sözçüsünün Bakı ilə Ankara arsındakı münasibətləri şərh etməyə nə dərəcədə haqqı çatır?...
Demək istədiyimiz odur ki, Rusiya XİN-in mövqeyi və özünü neytral, ədalətli, sülhpərvər göstərmək cəhdi ilə bu ölkənin regiondakı addımları, davranışları və real məqsədləri tamamilə tərs mütənasibdir. Rusiyanın Ermənistandakı hərbi varlığı və ona təmənnasız dəstəyi ilə müqayisədə Azərbaycanda hələ ki, Türkiyə hərbi bazaları yoxdur. Və Azərbaycan Rusiya da daxil olmaqla, heç bir ölkədən təmənnasız heç bir hərbi yardım almayıb və almır da.
Öz ərazisində hansısa ölkənin bazasını yerləşdirmək, kiminləsə qarşılıqlı hərbi yardım barədə müqavilə imzalamaq da Azərbaycanın suveren hüququdur. Eləcə də sərhədlərini kiminlə və hansı formada təmin etmək...Bununla bərabər, Türkiyə prezidenti bu mövzuda danışarkən, Rusiya ilə məsləhətləşmələr aparılacağına eyham vurdu. Hansı ki, Rusiya Ermənistanla “cici-bacı” olanda, hərbi əməkdaşlıq müqaviləsi bağlayanda nə Türkiyədən, nə də Azərbaycandan nəsə soruşmuşdu...
Odur ki, Rusiya birinci növbədə Azərbaycanın nədən üzünü şimala deyil, Qərbə, daha dəqiq desək, Türkiyəyə çevirdiyinin səbəbini anlamalıdır və yəqin ki, anlayır. Moskva yaxşı görür ki, yürütdüyü bu ikiüzlü, qeyri-səmimi, güc, təzyiq və təhdid üzərində qurulan xarici siyasət hətta “arxa baxçası” hesab etdiyi keçmiş SSRİ respublikalarını belə ondan uzaqlaşmağa, üz döndərməyə, canını Moskvadan qurtarmağa vadar edib. Hətta hər cəhətdən Rusiyadan asılı vəziyyətdə olan, onun köləsinə çevrilən Ermənistan belə Moskvadan yaxa qurtarmağa çalışır...
İstənilən halda, müşahidə etdiyimiz mənzərə onu göstərir ki, Moskvada, Parisdə və yaxud digər yad paytaxtlarda səslənən bəyanatlar Azərbaycanı və Türkiyəni öz yolundan döndərmir və döndərə də bilməz. Odur ki, həmin paytaxtlarda deyilənlərlə çox yüklənmədən, Qarabağın ürəyi olan Şuşada deyilənlərə daha çox əhəmiyyət vermək və məlum tarixi sənddəki bəndlərin tezliklə reallaşmasına çalışmaq daha düzgün olar.
Cəlal Məmmədov
“AzPolitika.info”
Bu xəbər üçün şərh yazın