Şuşanın bərpası və mədəni ruhunun qaytarılması tariximizə, mədəniyyətimizə olan dövlət qayğısının nəticəsidir
Hər bir xalqın mədəniyyəti, milli özünəməxsusluğu onun varlığının, mənəvi təsdiqinin təzahürüdür. Teatr, musiqi, ədəbiyyat, incəsənət isə bu təzahürün vacib amilləridir.
Xalqımızın yaşı minilliklərlə ölçülən tarixi, əsrarəngiz, sərhəd tanımayan musiqisi, muğamları, əsrlərin sınağından süzülüb gələn ədəbiyyatı var. Bütün bu mədəni xəzinəmiz bizim tükənməyən sərvətimizdir.
Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin şanlı Zəfəri ilə yekunlaşdı. Bu Zəfər bizim öz torpağımızın, öz taleyimizin sahibi olduğumuzu bir daha təsdiqləməklə yanaşı, milli- mənəvi dəyərlərimizə, mədəniyyətimizə vurulan yaraları sağaltmaq, mədəniyyət beşiyi olan Qarabağımıza, Şuşamıza öz mədəni ruhunu qaytarmaq imkanı yaratdı. Bu gün dövlətimiz tərəfindən qədim Azərbaycan şəhəri olan Şuşanın qonaqlı- qaralı, çal-çağırlı günlərinin özünə qaytarılması, şəhərin dirçəldilməsi mədəni irsə və milli təfəkkürə ehtiramın təzahürüdür.
Şuşada möhtəşəm “Xarıbülbül” festifalının keçirilməsi, Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışının keçirilməsi ölkəmizin həyatında böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrdir.
Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması Ulu Öndər Heydər Əliyevin qərarı idi. Ulu Öndərin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır.
Vətən müharibəsində qazandığımız Qələbə azad edilmiş torpaqlarımızda yeni quruculuq işləri aparmaq üçün qarşımızda geniş imkanlar açdı. Bu quruculuq işləri işğaldan azad edilmiş digər ərazilərimiz kimi Şuşanın da dirçəlməsinə, mədəni həyatının bərpa olunmasına şərait yaratdı. 39 il əvvəl Şuşada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı. Erməni vandalizminin nəticəsində dağıdılmış məqbərə Heydər Əliyev Fondu tərəfindən bərpa olundu və Vaqif Poeziya Günləri də bərpa edildi, “Xarıbülbül” festivalı da bərpa edildi.
Bütün bunlarla yanaşı qısa müddət ərzində Şuşa şəhərində iri infrastruktur layihələrin icrası da uğurla icra olundu. İlk növbədə yol çəkildi, Şuşaya suyun, verilməsi və elektrik təsərrüfatı bərpa olundu. Şuşanın tarixi abidələrinin, məscidlərinin bərpası istiqamətində böyük işlər görülmüşdür. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi, “Xarıbülbül” hoteli istifadəyə verildi. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı.
Həm tarixi, həm mədəni, həm də strateji cəhətdən xüsusi əhəmiyyət daşıyan Şuşamızın bərpası, dirçəldilməsi, öz doğma ruhuna qovuşması, çal-çağırlı, qonaq-qaralı günlərinə qayıtması hər birimizə sonsuz sevinc, fərəh və qürur hissi bəxş edir.
Sevindirici haldır ki, bu gün dövlətimizin iqtisadi gücünün göstəricisi olan, işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı tikinti-quruculuq işləri uğurla davam etməkdədir. Dövlətimiz tərəfindən həyata keçirilən beynəlxalq və regional əhəmiyyətli layihələrin bir çoxu Füzuli rayonu ərazisində reallaşdırılmaqdadır. Füzuli Beynəlxalq Hava Limanının tikilməsi, Füzuli və Şükürbəyli yarımstansiyalarının açılması rayonumuzun strateji əhəmiyyətini daha da artıracaq layihələrdəndir. Hal- hazırda yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, Horadiz-Zəngilan, Füzuli-Hadrud, Füzuli-Cəbrayıl avtomobil yollarının tikintisi sürətlə davam edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsini bərpa edəcək, gələcəkdə Türkiyəyə kimi uzanacaq siyasi və strateji əhəmiyyətli Horadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla davam etməkdədir. Əminik ki, ərazisində belə əhəmiyyətli infrastruktur layihələrin reallaşması rayonumuzun gələcək sosial-iqtisadi inkişafına möhkəm təməl olacaqdır.
Bir Azərbaycan vətəndaşı olaraq, dövlətimizlə və ordumuzla fəxr edirik. Bir Füzuli sakini olaraq, doğma Füzulimizi bizə qaytardığına və bütün bu görülən işlərə görə ölkə başçımız cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk. Hər zaman ölkə başçımızın ətrafında bir yumruq kimi birləşməyə hazırıq.
Qabil Əliyev
Füzuli RİHB Aparatının Ərazi İdarəetmə və Yerliözünüidarəetmə Orqanları ilə İş Şöbəsinin müdiri
Bu xəbər üçün şərh yazın