Tanınmış həkimdən xəbərdarlıq: - Azərbaycanda virusun yeni ştamı yayılıb
Koronavirusun mutasiyaya uğramış yeni forması “Omikron XBB.1.5” ştamı pandemiyanın növbəti dalğasına səbəb ola bilər.
Yeni “Super Variant” ştamı artıq bir neçə qitənin 29 ölkəsində tapılıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove bəyan edib ki, təmsil etdiyi təşkilat yeni ştama yoluxanların sayının sürətlə artmasından narahatdır:
“Xüsusən də Avropanın bəzi hissələrində və ABŞ-ın şimal-şərqində, burada yeni ştam sürətlə digər dövriyyədə olan alt variantları əvəz edib”.
Onun sözlərinə görə, ÜST yeni ştamı təhlil edir və yekun nəticə ictimaiyyətə açıqlanacaq.
Maraqlıdır, ÜST sözügedən açıqlama ilə yenidən qapanmalara gediləcəyinin anonsunu verib?
Cebhe.info-ya açıqlamasında terapevt Rasif Bağırov bildirib ki, virusun yeni ştamı Azərbaycanda ən azı 3-4 ay bundan qabaq yayılmağa başlayıb:
"Bəlkə də bu müddətdən əvvəl yayılmağa başlayıb. Belə deyək ki, köhnə ştamlardan fərqli olub. Köhnə ştamlar kəskin gedişlə özünü göstərirdi. Xəstələr məcbur olurdular ki, tez həkimə müraciət etsinlər. Amma bu ştam onlardan çox fərqlidir. Sözügedən koronavirus aldadıcı formadadır. Xəstə bilmir ki, xəstələnib, ya yox. Xəstənin 37.1-37.2 temperaturu olur, o da çəkilib gedir. Həmin günü xəstənin sümüklərində ağrı olur, sonra gedir. Xəstə də elə bilir ki, yəqin sağaldı. Üzərindən 2-3 gün keçəndən sonra yenidən həmin əlamətlər özünü göstərir. Xəstə 15-20-cü günü "boğaza yığılır", düşünür ki, bu, nədirsə ondan əl çəkmir, gedir həkimə. İndiyədək bizə müraciət edən xəstələrin demək olar ki, 90 faizi bir ay sonra gəlir. Vaxtında həkimə müraciət edən xəstə yoxdur. Xəstə vaxtında müraciət etsə, 6-7 günə tamamilə sağalar. Vaxtında müraciət edilməyəndə, köhnə koronavirus kimi fəsadlarla müşahidə olunur".
Rasif Bağırov deyir ki, evə qapanma aparıla bilməz, bu, artıq mümkün deyil:
"Əslində COVID bir virusdur, onun müxtəlif ştamları var. Tibbdə koronavirusun 30-40 ştamı var. Onların içərisində eləsi var ki, öldürücüdür, eləsi var ki, çox yüngüldür. Bir az da həkimlər düzgün müraciət etməyəndə, xəstəlik ağırlaşır. Yayılma bir ştammla baş vermir. Proses qaldıqca yeni mutasiya növləri meydana çıxır. Mutasiya növləri yeni ştam kimi sonra qeydiyyatdan keçir".
Həkim sonda qeyd edib ki, xəstəxanalara hazırda ağırlaşmış formada koronavirusdan əziyyət çəkən ürək, ağciyər xəstələri müraciət edirlər:
"Məsələn, ürək xəstəliyinin ağırlaşması ilə baş verən fəsadlar var. Kəllə sümüyünə maye yığıntısı ilə, müxtəlif orqanların xəstəliyi ilə bağlı ağırlaşma halları var. Yaşlı adamların ağciyərlərində pnevmaniyalara rast gəlinir. Bunu xəstələr nə qrip, nə də başqa şeylə əlaqələndirmirlər. Yoxalayanda məlum olur ki, şəxs koronavirus olub, ağırlaşma ilə buradək gəlib çıxır".
Bu xəbər üçün şərh yazın