Tanınmış iqtisadçı SOCAR-ı ittiham etdi:"Vergilər Nazirliyinin proqnozu kəsirlə yerinə yetirməsində bu şirkət təqsirkardır"

Tanınmış iqtisadçı SOCAR-ı ittiham etdi:"Vergilər Nazirliyinin proqnozu kəsirlə yerinə yetirməsində bu şirkət təqsirkardır" 

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı 2017-ci ilin 8 ayında dövlət büdcəsinə vergi və gömrük ödənişlərinin vəziyyəti

Xarici mühit amillərinin (ABŞ dollarının indeksi və neftin qiyməti) mövcud vəziyyətdə qalması şərti ilə, 2017-ci ilin sonunadək qarşıdakı dörd ayda milli valyutanın sabitliyinin təmin olunmasının, habelə ilin sonuna dövlət büdcəsi kəsirinin proqnozlaşdırılması üçün mühim əhəmiyyət kəsb edən məsələlərdən biri də Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə təmin olunmalı vəsaitlərin proqnoz göstəricisinin icrası vəziyyətinin qiymətləndirilməsidir.

2017-ci ilin dövlət büdcəsində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən təmin edilməli daxilolma 2 milyard 250 milyon manat məbləğində proqnozlaşdırılıb ki,  bu da təqvim ayları üzrə proporsional bölgü qaydasında 187,5 milyon manat orta aylıq proqnoz deməkdir.


DGK-nin rəsmi saytında açıqladığı rəqəmlərdən görünür ki, 2017-ci ilin avqust ayında gömrük orqanları tərəfindən bir ay ərzində indiyədək rekord göstərici olan 280,13 milyon manat büdcə daxilolması təmin edilib. Cari ilin səkiz ayında isə DGK-nın xətti  ilə dövlət büdcəsinə daxilolmalar 1708,0 milyon manat təşkil etmişdir ki, bu da illik proqnoz tapşırığın 75,91%-nin təmin olunması deməkdir. Orta aylıq mədaxil 213,5 milyon manat olub. Deməli, proqnozun aylar üzrə proporsional bölgüsünü əsas götürsək, DGK tərəfindən sentyabr ayının proqnozunun da qabaqcadan artıqlaması ilə təmin olunduğunu görürük.

Gömrük orqanları tərəfindən dövlət büdcəsinə 2016-cı ilin sentyabr-dekabr ayları ərzində  865,3 milyon manat (orta aylıq 216,3 milyon) mədaxil olub. Hesab edilir ki, 2017-ci ilin sentyabr-dekabr aylarında orta aylıq mədaxil həm 2016-cı ilin sentyabr-dekabr aylarının orta aylıq mədaxilindən, həm də 2017-ci ilin ilk 8 ayının orta aylıq (213,5 milyon) mədaxil göstəricisindən artıq olacaq.

Habelə son dörd ayın mədaxil göstəricilərindən də görünür ki, cari ilin qarşıdakı sentyabr-dekabr ayları ərzində orta aylıq 235,0 milyon manatdan artıq olmaqla, ümumilkdə 940,0 milyon manatdan artıq mədaxil təmin olunacaq və bu da son nəticədə DGK tərəfindən illik proqnoz tapşırığın 18-20% və ya təqribən 400,0 milyon manat çox yerinə yetiriləcəyi deməkdir.

 

2017-ci ilin büdcə kəsirinin icra vəziyyəti haqqında

 

2017-ci ilin dövlət büdcəsində 1 milyard 175,0 milyon manat kəsir proqnozlaşdırılıb. Yuxarıda qeyd edilənlərdən də görünür ki, bu kəsirin üçdə biri DGK tərəfindən illik proqnoz tapşırığın artıqlaması ilə yerinə yetirməsi hesabına azalacaq. Əgər, nə qədər şübhəli olsa da, Vergilər Nazirliyi tərəfindən illik mədaxil proqnoz 5% çox yerinə yetiriləcəyi halda, ilin sonuna büdcə kəsirinin daha üçdə birinin azalacağını ehtimal etmək olar. Yerdə qalacaq 400,0 milyona yaxın kəsirin isə 2017-ci ilin əvvəlinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı ilə maliyyələşdiriləcəyini ehtimal etmək olar.

Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Mərkəzi Bankdan 2016-cı ildə cəlb etdiyi 526,7 milyon manat məbləğində krediti hələ 2017-ci ilin yanvar ayında Maliyyə Nazirliyi tərəfindən ayrılmış maliyyələşdirmənin hesabına qaytarılmışdır. Bu ilin 30 iyununda dəyişikliklərlə 2017-ci ilin dövlət büdcəsində proqnozlaşdırılan kəsirin yarıya qədəri ƏSF-nin kreditinin qaytarılması ilə bağlı olub. Maliyyə Nazirliyinin cari ilin 8 ayı üzrə büdcənin icrası barədə mətbuatda açıqladığı məlumatdakı 538,7 milyon manatlıq kəsir məbləği ƏSF-nin kreditlərinin maliyyələşdirilməsi ilə əlaqədardır (Milli Məclisdə təsdiq olunmuş dövlət büdcəsindən fərqli qaydada və ya büdcəyə dəyişikliklərin təsdiq olunmasından qabaq ƏSF-yə vəsait ayrılmasının nə dərəcədə qanuni olmasına ayrıca yazıda toxunulacaq).

Vergilər Nazirliyi tərəfindən proqnozun icra vəziyyəti haqqında

 2017-ci ilin dövlət büdcəsində Vergilər Nazirliyi (VN) tərəfindən təmin edilməli daxilolma 7 milyard 637 milyon manat məbləğində proqnozlaşdırılmışdır ki,  bu da təqvim ayları üzrə proporsional bölgü qaydasında 636,4 milyon manat orta aylıq proqnoz deməkdir.

VN-nin rəsmi saytında açıqladığı rəqəmlərdən görünür ki, 2017-ci ilin səkiz ayında nazirliyin xətti  ilə dövlət büdcəsinə daxilolmalar 4671,4 milyon manat təşkil etmişdir ki, bu da illik proqnoz tapşırığın 61,17%-nin təmin olunması deməkdir. Orta aylıq mədaxil isə 583,9 milyon manat olub. Deməli, proqnozun aylar üzrə proporsional bölgüsünü əsas götürsək, VN tərəfindən cari ilin yanvar-avqust aylarında orta aylıq mədaxil göstəricisi illik proqnozlaşdırılan orta aylıq mədaxil (636,4 milyon) göstəricisindən aşağı olub.

VN-nin saytında 2017-ci ilin yanvar-avqust ayları ərzində proqnoz tapşırığın 100,1% yerinə yetirildiyi qeyd olunub. Aylar üzrə daxilolmaların təhlilindən görürük ki, 8 aylıq proqnozun icrasında qeyd olunan 0,1% artım cari ilin yanvar-aprel aylarında proqnoz məbləğinin aşağı müəyyən olunması hesabına daxilolmalardakı artım ilə bağlıdır. Əslində isə may, iyun, iyul aylarında proqnozun kəsirlə yerinə yetirilməsi (müvafiq olaraq icra 98,8%; 92,11%; 90,41%) ilin ilk 4 ayındakı artıq yerinə yetirməni "əridib", yekunda 8 aylıq proqnozun icrası 100,1% olub.

2017-ci ilin iyul ayı üçün 810,3 milyon manat proqnoz müəyyən edildiyi halda, avqust ayının proqnozu daha aşağı məbləğdə, yəni 585,6 milyon manat (illik orta aylıq proqnozdan da aşağı) müəyyən olunduğunu görürük və bu azalmanın da avqust ayında daxilomaların proqnozdan kəskin fərqlənməməsi üçün edildiyi qənaətindəyik.

Həm illik proqnozlaşdırılan orta aylıq daxilolma göstəricisini, həm də konkret aylar üçün müəyyən olunan proqnozun icra vəziyyətini əsas götürərək hesab edirik ki, VN tərəfindən 2017-ci ilin may-avqust aylarında proqnozun icrası kəsirlə yerinə yetirilib.

Qeyd edilənlərlə rəğmən, ilin yekunu üzrə Vergilər Nazirliyi tərəfindən bütün vasitələrlə proqnoz tapşırığın ən azı 100,5 səviyyəsində artıqlaması ilə yerinə yetirilməsinə nail olunacağı düşünülür.


Üzərrik yandıraq, SOCAR hesabat verir!

 

Vergilər Nazirliyinin proqnoz tapşırığını kəsirlə yerinə yetirlməsində SOCAR (Dövlət Neft Şirkəti) amilinin də rolu var. Bu rol (risk) iki istiqamətdə özünü göstərir: birincisi, SOCAR-ın birbaşa özünün vergi öhdəliklərinin yerinə yetirməsi;ikincisi isə SOCAR-ın ona mal, xidmət (iş) təchizatını həyata keçirən vergi ödəyiciləri qarşısında borclarının ödənilməsi. Belə ki, SOCAR ona mal (iş, xidmət) satan vergi ödəyicilərinə olan borclarının ödənişini vaxtı-vaxtında həyata keçirməyəndə, sonuncular da dövlət büdcəsi qarşısında vergi öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir. Ona görə də hökümət SOCAR-ın daxili təchizatçılara olan borclarının ödənişinə xüsusi diqqət etməlidir.

SOCAR möcüzə ortaya qoyaraq, 2017-ci ilin yanvar-avqust ayında dövlət büdcəsinə ödədiyi vəsaitlər barədə məlumat açıqlayıb. Həmin dövrdə büdcəyə 1048,3 milyon manat vəsait ödədiyi və bunun da ötən ilin analoji dövrü ilə müqayisədə 142,9 milyon manat və ya 15,8% çox olması qeyd edilib.

Nəzərə almaq lazımdır ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin 8 ayında dünya bazarında neftin qiyməti də artıb. Həmçinin, Taarif Şurası tərəfindən həm təbii qazın ölkədaxili qiyməti, həm də Aİ-92 markalı avtomobil benzinin qiyməti artırılıb. SOCAR-ın dövlət büdcəsinə ödədiyi vəsaitdə bu artımların da rolunu vurğulamaq lazımdır.

2016-cı ildə dövlət tərəfindən SOCAR-a 921 milyon manat əlavə kapitala ödəniş kimi, təbii qazın satışından zərərin qarşılanması üçün isə 203 milyon manat subsidiya kimi, cəmi 1,12 milyard manat vəsait ödənib. Buna baxmayaraq, həm də 2017-ci ilin dövlət büdcəsində “2016-cı il ərzində SOCAR-a təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına görə zərərin örtülməsi üçün subsidiya” adı altında daha 250,0 milyon manat ödənilməsi nəzərdə tutulub.

SOCAR-ın ABB vasitəsiylə Mərkəzi Bankdan götürdüyü kreditlərin qaytarılması vəziyyəti barədə rəqəmlər də daxil olmaqla, SOCAR-ın 2016-cı ilin maliyyə hesabatları əsasında ayrıca yazıda SOCAR barədə ətraflı bəhs olunacaq.

Xüsusi qeyd etmək lazımdır ki, SOCAR-ın balansında “Əmlak, tikili və avadanlıqlar” maddəsində əks olunan xarici valyutadakı məbləğləri əsas götürüb manatı ucuzlaşdırmaq hesabına onun balans üzrə maliyyə vəziyyətini yaxşılaşdırmaq düzgün deyil. Məsələn, əgər həmin maddədə amortizasiya olunmayan “İnkişaf xərcləri” adı altındakı 2016-cı ilin sonuna 2,7 milyard manata çatan və xarici valyutada ifadə olunan vəsait əvvəlcədən kapital hesabları ilə müxabirləşdirilib silinsəydi, manatın uzuzlaşdırılması asan olacaqdımı?

Qulu İBRAHIMLI

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi