Taxıl bahalaşır
2021-ci ildə qlobal bazarda taxılın qiyməti artmaqda davam edib. Nəqliyyat xərclərinin rekord həddə yüksək olması, keyfiyyətli buğda qıtlığı fonunda koronavirusun yeni stamının ortaya çıxması səbəbindən tədarükün dayandırılması qlobal taxılın qiymətlərinin 2022-ci ilin birinci yarısında da yüksək qalacağı işarə edir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada ərzaq qiymətləri son 10 ildə ən yüksək həddə çatıb. Son bir ildə isə ərzaq məhsulları ortalama 30% bahalaşıb.
Ümumilikdə, il ərzində qiymət artımı bir çox MDB, Avropa, Asiya, Şimali və Cənubi Amerika ölkələrində müşahidə olunub və qiymətlərin yaxın gələcəkdə aşağı düşəcəyi ehtimal olunmur.
BMT-nin məlumatına görə, ərzaq qiymətlərinin kəskin bahalaşmasına artmasına tədarükün kəsilməsi, yüksək əmtəə qiymətləri, fabriklərin bağlanması və siyasi gərginlik də daxil olmaqla bir sıra amillər səbəb olur.
Ötən illə müqayisədə dənli bitkilərin qiyməti 22% artıb. Bu göstəriciyə ilk növbədə buğdanın kəskin bahalaşması təsir edib. Ən böyük ixracatçıların (Kanada, Çin və Rusiya) zəif məhsuldarlığı səbəbindən buğda təxminən 40% bahalaşıb. Taxıl istehsal edən ölkələrdə qiymətlərin qalxması təbii ki, taxıl idxal edən ölkələrdə də taxıl və taxıl məhsullarının qiymətlərin qalxmasına səbəb olur.
Ümumiyyətlə, son illər bir çox ölkədə məhsuldarlıq üçün şərait qeyri-münbit olub. İqlim dəyişiklikləri son nəticədə dənli bitkilərin istehsal səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb.
Aşağı gəlirli ölkələrdə yaşayan insanlar qiymət artımından daha çox təsirlənir, bu onları daha da yoxsulluğa sürükləyir.
FAO-nun Taxıl Qiymətləri İndeksi noyabrda aylıq ifadədə 3,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 23,2% artıb. Qarğıdalının ixrac qiymətləri də bir qədər artıb, düyünün qiymətləri sabit qalıb, çörək buğdasının qiyməti isə 2011-ci ilin may ayından bəri ən yüksək həddə çatıb.
Artım xüsusilə yüksək keyfiyyətli buğdaya olan güclü tələb və məhdud təklif, habelə Avstraliyada yağıntılar və Rusiyada ixrac tədbirlərində mümkün dəyişikliklə bağlı qeyri-müəyyənliklə əlaqədardır.
Qeyd edək ki, dünya üzrə TOP-5 buğda ixrac edən ölkələr sırasına Rusiya (39,5 mln. ton), Aİ (27,5 mln. ton), Kanada (27,0 mln. ton), ABŞ (27,0 mln. ton) və Avstraliya (19,5 mln. ton) daxildir.
Taxıl tədarükü və taxıl tələbinin yeni xülasəsinə əsasən, 2021-ci ildə qlobal taxıl istehsalı 2 791 mln. ton təşkil edəcək ki, bu da yeni rekord göstəricidir və keçən illə müqayisədə 0,7% çoxdur. 2020-ci illə müqayisədə qlobal yem taxıl və düyü istehsalının müvafiq olaraq 1,4% və 0,9% artacağı, buğda istehsalının isə 1% azalacağı gözlənilir.
2021-2022 il mövsümü üçün ümumi taxıl istehlakının 1,7% artaraq 2 810 mln. tona çatacağı proqnozlaşdırılır, 2022-ci ildə mövsümlərin sonunda qlobal taxıl ehtiyatları mövsümün əvvəli ilə müqayisədə 0,9% az olacaq.
Bu, ehtiyat-istehlak nisbətini 28,6%-ə gətirəcək və FAO-nun məlumatına görə, kifayət qədər yüksək olaraq qalacaq.
2021-2022-ci il mövsümündə qlobal taxıl ticarətinə gəldikdə, FAO bu rəqəmin 0,7% artaraq 480 mln. tona çatacağını proqnozlaşdırır. Üstəlik, qlobal buğda ticarətində gözlənilən 2,2% artım qaba taxıl ticarətində ehtimal olunan azalmanı asanlıqla kompensasiya edəcək.
2022-ci ildə taxıl istehsalının inkişaf etmiş ölkələrdə 2% artacağı, inkişaf etməkdə olan ölkələrdə isə bir qədər (0,1%) azalacağı gözlənilir. Aşağı gəlirli ərzaq çatışmazlığı olan ölkələrdə istehsalın 2,4% azalacağı proqnozlaşdırılır ki, bu da Yaxın Şərq və Şərqi Afrikada əhəmiyyətli azalmanı əks etdirir.
Ərzaq məhsullarının və buğdanın qlobal bahalaşmasını şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, qiymət artımının üç mühüm fundamental səbəbi var.
Onun sözlərinə görə, ilk növbədə, dünya bazarında ərzaq və digər zəruri tələbat məhsullarının istehsalı azalıb. İstehsalın azalması xüsusən də dünya bazarına çıxarılan məhsulların həcminin azalmasına gətirib çıxarıb, nəticədə 2021-ci ildə ərzaq və istehlak məhsullarını ixrac edən ölkələr öz mallarını dünya bazarına əvvəlki illə müqayisədə daha az çıxarıb.
V. Bayramovun sözlərinə görə, digər səbəb pandemiya nəticəsində yaranan xərc olub. Burada xüsusi sərt karantin tədbirlərinin tətbiq olunduğu 2020-ci ildə şirkətlərin böyük bir qisminin fəaliyyətinin məhdudlaşdırılması, bir qisminin işləməməsi onlar üçün əlavə xərclər yaradıb. Nəticə etibarilə, həmin dövrdə yaranan xərclər indi istehsal edilən məhsulların maya dəyərinə hissə-hissə əlavə olunub ki, bu da qiymət artımına gətirib çıxarıb: “Bununla yanaşı, pandemiya səbəbindən logistika və nəqliyyat xidmətlərinin bahalaşması müşahidə olunur, bu da təbii ki, bazara çıxarılan ərzaq və istehlak məhsullarının qiymətinin artmasına səbəb olub.
Hindistan da daxil olmaqla, istehlakçı sayı çox olan bir sıra ölkədə ərzaq məhsullarına tələbat yüksəlib, bu da qiymətlərin artmasını şərtləndirən səbəblərdən biridir. Bütövlükdə, 2022-ci ilin birinci yarısında da dünya bazarında ərzaq və istehlak məhsullarının qiymətlərində artımın davam edəcəyi gözlənilir”.
Bu xəbər üçün şərh yazın