TƏBİB koronaviruslu xəstələrə pulsuz verilməli olan dərmanları “yeyir”? - NARAZILIQ!
Azərbaycanda koronavirusa yoluxma sayı sürətlə artır.
Bundan öncəki ştamlara yoluxanlar arasında əsasən yaşlı və yanaşı xəstəlikləri olan şəxslər xəstəliyi ağır keçirirdisə, artıq gənclər, hətta uşaqlar da bu xəstəliyin qurbanına çevrilir. Virusdan sağalmaq üçün xəstələr minlərlə manat vəsait xərcləməli olurlar. Pandemiyanın ağır şərtləri, sosial-iqtisadi problemlər üzündən böyük məbləğdə borca düşənlər də var.
Evdə müalicə olunan koronaviruslu xəstələr üçün pulsuz dərman paketləri nəzərdə tutulsa da, xəstələrin bildirdiklərinə görə, bunu onlara vermirlər. TƏBİB-in “qaynar xətt”inə düşmək mümkün deyil, poliklinikalardan isə bu paketlərin yalnız şəhid və qazi ailələrinə verildiyi bildirilir.
COVID-19-a yoluxan jurnalist Zaur Mirzəzadənin AYNA-ya dediyinə görə, infeksiyaya yoluxduqdan sonra ciddi ağrılar hiss etməyə başlayıb: “İlk günlərdə qızdırma kəskin şəkildə artdı. Eyni zamanda bədənimin sümükləri və əzələlərində dözülməz ağrılar meydana gəldi. Paralel olaraq qan təzyiqim oynayırdı - gah qalxır, gah da enirdi, tənzimləmək mümkün olmurdu. Sonrakı mərhələdə həzm pozğunluqları yarandı. Bundan öncə virusa yoluxanlar deyirlər ki, onlar daha asan keçiriblər. Görünən odur ki, “Delta” ştammı daha təhlükəlidir”
Jurnalist üç ailə üzvünün virusa yoluxduğunu və 5 min manat müalicə və dərmanlara vəsait sərf etdiklərini bildirir: “Kifayət qədər bahalı müalicədir. TƏBİB-in “qaynar xətti”nə müraciət etdim. Onlar məni poliklinikaya yönəltdilər. Onlardan məni dərman paketi ilə təhciz etmələrini istədim. Əvvəl bildirdilər ki, bu, yalnız şəhid və qazi ailələri üçündür. İsrarımı gördükdən sonra həmin paketi gətirdilər. Olduqca bəsit və ucuz dərmanlardır. Ümumilikdə aptekdən onların hamısını 10 manata əldə etmək olar”.
Mirzəzadənin sözlərinə görə, TƏBİB faktiki olaraq insanları yiyəsiz buraxıb: “Testi çox gec götürürlər. Bunun üçün günlərlə gözləməli olursan. Təcili tibbi yardım çağırışlara çox gec cavab verir. Çox bərbad idarəetmə sistemi var. Hansını dindirirsən, digərinin üzərinə atır. Səhiyyə Nazirliyi və TƏBİB arasında siçan-pişik oyunu gedir”.
Azərbaycan Milli Məclisinin üzvü, tibb elmləri doktoru, professor Asim Mollazadə AYNA-ya şərhində təsdiqləyib ki, vəziyyət kifayət qədər ciddidir: “Yoluxma sayı çoxdur. Hər birimizin ətrafında virusa yoluxmuş doğmalarımız var. Bilirsiniz ki, virusla mübarizədə yeganə yol vaksinasiyadır və bu baxımdan əhalinin peyvəndlənməsi işi sürətlənməlidir. Bu gedişlə yoluxma sayı daha da arta bilər. Eyni zamanda əhalinin evlərdə qeyri-müəyyən vəziyyətdə saxlanılması yolverilməzdir”.
Deputat Səhiyyə Nazirliyi və TƏBİB-in səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb: “Başa düşürük, xəstə çoxdur, çatdırmırlar. Lakin əhali ümidsiz durumdadır. Ölkə səhiyyəsinin idarə edilməsinə cavabdeh qurumların üzərinə böyük məsuliyyət düşür. Koronavirus xəstələri vaxtaşırı nəzarətdə saxlanılmalıdır. Məlumatlar var ki, testlər çox gec götürülür. Bu cür hallara yol verməz olmaz”.
Mollazadə TƏBİB-i xəstələrə pulsuz olaraq çatdırılacaq dərmanlar məsələsində məsuliyyətli olmağa çağırıb: “Koronavirus infeksiyası çətin xəstəlikdir və müalicəsi bəzən xeyli vəsait tələb edir. Əgər dövlət koronaviruslu xəstələrə dərman paketləri ayırırsa, onu çatdırmaq lazımdır”.
Bu xəbər üçün şərh yazın