“Təsəvvür edin, Manaf müəllim deyir ki, kitablarını tök qapıma, yandıracam, 20 manatdan pulunu verəcəm”

“Təsəvvür edin, Manaf müəllim deyir ki, kitablarını tök qapıma, yandıracam, 20 manatdan pulunu verəcəm” 

Bu ölkədə ən xoşbəxt adam Manaf Ağayevdir.

Adamın pulu var? Var. Sevilir? Sevilir. Hörməti var? Var. Ev-eşik, villa, maşınlar, ən bahalı geyimləri var? Var. Tutalım, Manaf müəllim hansısa bir tədbirdə zala girəndə adamlar ayağa qalxır? Qalxır. Hamı onun boynunu qucaqlayır, üzündən öpür? Qucaqlayır, öpür. Maddi və mənəvi mənada rahatdır? Rahatdır. Videolarına, çıxışlarına hamıdan çox baxış gəlir? Gəlir. Hamıdan çox layk eləyirlər? Eləyirlər. Bəs bir insana başqa nə lazımdır?

 Təsəvvür edin, Manaf müəllim mənə deyir ki, Kəramət, sən bundan sonra nə qədər kitab çıxarsan, tirajını da nə qədər çox eləyirsən elə, fərqi yoxdur, hamısını yığ maşına, gətir tök mənim qapıma, yandıracam, kitabın birini isə heç 10 da yox, 20 manatdan pulunu verəcəm. Vallah, desə, eləyər. Yəni onun buna maddi və mənəvi gücü çatar.

 Təbii ki, Manaf müəllimi bəyənməyənlər də var. Mən də bəyənmirəm. Amma nəzərə alanda ki, biz 10 milyondan ibarət xalqıq və görün 10 milyonun qarşılığında Manaf Ağayevin mahiyyətini anlayan adam nə qədər azdır.

 Sonra Tosu Zəngilanskiyə baxıram. Çünki hara gedirəm qabağıma çıxır. A kişi, Tosu brenddir. Adam bütün media ressurslarına baxış sayını vurub keçib. Artıq reklamlara çəkilir. Biz buna nə deyək? Guya biz tarixdə qalacağıq, Tosu yox? Yoxsa Tosu öləcək, biz əbədi yaşayacağıq? Bu bir reallıqdır. Biz isə bu reallıqla təəssüf hissi ilə hesablaşmağa məcburuq.

 

Bəs bu adamlara baxan, sevən, onları xoşbəxt eləyən kimdir? Əlbəttə, bizim adına xalq dediyimiz toplum, kütlə. Dəfələrlə əsəbiləşib o toplum haqqında ağır tənqidi fikirlər demişəm, mənim özümü linç ediblər. Çıxış yolu nədir? Nə məsləhət görürsünüz? Şəxsən mən özlüyümdə fikirləşirəm ki, yol ancaq ondan ibarətdir ki, Kəramət, ortalıqdan yoxa çıx, çəkil öz hücrənə kitablarını yaz. Kimə lazımsan axı? 5-3 günə unudulacaq adamsan. Sonra düşünürəm ki, bəs dolanışıq, uşaqlar? Yenə heç olmasa feysdə elan-zad verib 5-10 kitab satıram.

 

Hara baxırsan, hara qədər düşünürsən, görürsən ki, xeyri yoxdur. Tamam, anladıq ki, bu Zahid Orucu, Elman Nəsirovu hakimiyyət özünə deputat seçib. Bəs Manaf Ağayevi, Üzeyiri kim özünə kumir seçib? Xalq. Tosu Zəngilanskini kim brendləşdirib? Xalq. Demək, biz xalq olaraq, mahiyyət etibarilə dinlədiyimiz musiqilərin, izlədiyimiz adamların tayıyıq. Zahid Orucu xoşbəxt eləyən ədalətsiz hakimiyyətdirsə, Manaf Ağayevi xoşbəxt eləyən də nadan kütlədir.

 

Mən Azərbaycanı qəlbən sevən bir nəfərin də bu ölkədə xoşbəxt olduğunu görməmişəm. Azərbaycanı həqiqətən sevən adamlar üçün yaşamağın şərtləri həmişə ağır olub. Bir tərəfdə ədalətsiz hakimiyyət, o biri tərəfdə nadan kütlə və onun başı boş, cibi dolu ulduzları. Neyləyək? Dərdimizi kimə deyək?

 Kəramət Böyükçöl

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi