Texniki Sertifikat Proqramının təqdimatı keçirilib
Bu gün, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsi (PSA) “Ferrero” şirkəti və Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU) nümayəndələri ilə birlikdə Fındıq İstehsalında Texniki Sertifikat Proqramının (TSP) onlayn formada təqdimatı keçirilib.
Faktinfo.az xəbər verir ki,PSA Layihəsinin nümayəndəsi Yaşar Fərəcov tədbiri açıq elan edərək, Texniki Sertifikat Proqramının məqsədinin fındıq istehsalı və təlimi sahəsində dünya lideri olan “Ferrero” şirkəti, PSA Layihəsi və Aqrar Universitetin professor-müəllim heyətinin birlikdə həyata keçirəcəyi təlim sessiyaları vasitəsilə fındıq sektorundakı gənclərin potensialının artırılmasının olduğunu bildirib.
Çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd edib ki, ölkənin ərzaq təhlükəsizliyinin qorunub saxlanması hər birimizin borcudur. Və bu cür tədbirlərin keçirilməsi olduqca mühümdür. İ. Cəfərov bildirib ki, Aqrar Universitet uzun illərdir bu təcrübədən “GLİMMER” proqramı ve başqa layihələr vasitəsilə istifadə edib.
Sonra xarici və yerli şirkətlərin nümayəndələri, mütəxəssislər təqdimatlarla çıxışlar edərək, Texniki Sertifikat Proqramının fındıqçılıq sektorunda peşəkar mütəxəssis sayını artırmaqla yanaşı, bu sahədə gənclərin potensial məşğulluq imkanları haqqında məlumatlılığı artırmağı da hədəfləndiyini vurğulayıblar.
Bu xəbər üçün şərh yazın