Tibb Universitetinin məzunları etiraza qalxdı –Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirilib
Tibb Universitetinin məzunları Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar rezidenturaya qəbul planının artırılmasını tələb edirlər.
Universitetin İctimai səhiyyə fakültəsinin məzunu Aynurə Əliyeva “BBC News Azərbaycanca”ya deyib ki, imtahana az qalmış rezidenturaya qəbul planının azaldılmasından xəbər tutublar. Bu isə məzunlar arasında narazılığa səbəb olub.
Biz birinci mərhələdən keçmişik. Gəlmişik ki, ikinci mərhələdən keçək, məlum olur ki, yerlər məhdudlaşdırılıb. Belə çıxır ki, çoxumuz düzdə qalacağıq, 50 faiz ixtisaslaşa bilməyəcək”, – deyə Aynurə Əhmədova deyib.
Etirazçılar qəbul planının artırılmasını, hər dörd nəfərdən üçünün rezidenturaya girmək şansının olmasını istəyirlər.
Rezidenturaya qəbul ərizəsi verənlər deyirlər ki, yerlərin məhdudlaşdırılması məzunları çətin vəziyyətə salır. Onların fikrincə, bu, imtahanların süni şəkildə daha da çətinləşdirilməsinə gətirib çıxaracaq.
Məzunlar deyirlər ki, keçən il qəbul planı 504 yer olub, bu il isə yerlər 332-yə salınıb. Onlar deyirlər ki, Tibb Universitetinə qəbul planı azaldılmayıb, bu isə o deməkdir ki, yüzlərlə həkim-məzun hər il ixtisaslaşma imkanını itirəcək.“Həkimə ehtiyac olan bir ölkədə həkimlərin ixtisaslaşmasının qarşısını necə almaq olar?” tələbələr əlavə ediblər.
Səhiyyə Nazirliyinin rəsmisi bildirib ki, rezidenturaya qəbul planı ehtiyaclara əsasən müəyyənləşir və hazırda ölkədə həkimə əsas ehtiyac bölgələrdədir. Anma bu məsələ araşdırılandan sonra etirazçılara cavab veriləcəyi bildirilib.
(BBC Azərbaycanca)
Bu xəbər üçün şərh yazın