“TOFİQ YAQUBLUNU ƏFV EDİN” –Deputat Prezidentə müraciət etdi
“Öncə onu qeyd etmək istəyirəm ki, Tofiq Yaqublu siyasi məsələlər barədə nə qədər çox və nə qədər sərt danışsa da, cəmiyyət onu siyasətçidən daha çox döyüşçü kimi tanıyır və ona olan müəyyən hörmət də daha çox torpaqlarımız uğrunda döyüşüb yaralanmasına görədir”.
Bunları BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə məhkəmə qərarını dəyərləndirərkən deyib.
Partiya sədri T.Yaqublu ilə bağlı Prezident İlham Əliyevə müraciət edib, onun əfv olunmasını xahiş edib: “Onun barəsində həbs qətimkan tədbiri seçiləndə də söyləmişdim ki, bəzi siyasi dələduzlar Tofiq Yaqublunun döyüşçü xarekterindən sui-istifadə edib, bu ailənin iztirabları üzərində alçaqcasına siyasət qururlar. Özlərinin həbs olunacağına kiçicik təhlükə yarandığını hiss edən kimi siyasətdən, partiya sədrliyindən imtina etməyə hazır olduqlarını bəyan edənlər Tofiq Yaqublunu daha təmkinli olmağa çağırmaq əvəzinə hər zaman qızışdırdılar ki, Tofiq bəy çox cəsurdur, dönməzdir, həbsdən qorxmur və s. Həbsdən öncə onun gərginlik keçirdiyi açıq hiss olunurdu. Özünün yersiz radikallığını və üzə düşdüyünü başa düşsə də, xarakteri və ətrafı ona geri çəkilməyə imkan vermirdi.
Bu onun əsəblərinə də təsir edirdi və o bir çox hallarda sübut edə bilməyəcəyi əsassız ittihamlara və təhqirlərə yol verir, qırmızı xətti keçirdi. Hesab edirəm ki, Tofiq bəyin başına gələnlərdən gənc siyasətçilər və onu hər gün efirə çağırıb radikallığa təhrik etməklə bu həddə gətirib çıxarmış vicdansızlar da nəticə çıxarmalıdırlar. Rəhmətlik Elçibəydən soruşulanda ki, niyə onun demokratik cəmiyyət qurmaq istiqamətindəki fəaliyyəti uğursuzluğa düçar oldu, deyərdi ki, elə məsələlər var ki, onun həlli zamana bağlıdır. Kimsə hakimiyyətə gəlmək üçün tələsirsə, yaxud tapşırıq yerinə yetirirsə, buna görə başqalarının həyatını təhlükə altına atmamalıdır.
Mən Azərbaycan Respublikasının Prezidentinə müraciət edirəm ki, T.Yaqublunun ailəsinin çox acılar yaşamasını və onun torpaqlarımız uğrunda döyüşüb yaralanmasını, ibtidai və məhkəmə istintaqı zamanı həbsdə olmasını nəzərə alıb, humanistlik nümayiş etdirərək Tofiq Yaqublunu əfv edib, cəzasının çəkilməmiş hissəsinin şərti tətbiq olunması barədə qərar qəbul etsin. Güclülərin və böyüklərin bağışlamağı bacarması hər zaman, bütün dövrlərdə ictimaiyyət tərəfindən təqdir olunub. Düşünürəm ki, Prezidentin belə qərarı olarsa, xalqımız da bunu alqışlayardı”.
Bu xəbər üçün şərh yazın