Tofiq Yaqublunun döyülməsi ilə bağlı araşdırma yekunlaşdı

Tofiq Yaqublunun döyülməsi ilə bağlı araşdırma yekunlaşdı 

Milli Şuranın üzvü Tofiq Yaqublunun 1 dekabr mitinqində döyülməsi, bədəninə müxtəlif dərəcəli xəsarətlərin yetirilməsi iddiası üzrə prokurorluqda aparılan araşdırma başa çatıb.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə öz feysbuk profilində məlumat yayıb.

“Dekabrın 1-də 39-cu polis bölməsində və oradan çıxarılaraq kənarda ağlasığmaz işgəncə verilməsi ilə əlaqədar Səbail rayon Prokurorluğuna verdiyim şikayət rədd edildi. Müstəntiq Hilal Abbasov baş verənlərdə cinayət tərkibi “olmaması” səbəbi ilə cinayət işi qaldırmaqdan imtina edib” -, deyə profilində yazıb.

Xatırladaq ki, ötən ilin sonları Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı dekabrın 3-də DİN başçısı Vilayət Eyvazovla görüşləri barədə yazıb. Bildirib ki, DİN başçısı polis əməkdaşları tərəfindən Yaqubluya qarşı zorakılığa yol verilməsi ehtimalını istisna edib, bununla belə, müxalifətçinin şikayətinin prokurorluq orqanları tərəfindən araşdırıldığını və nəticələri gözləməli olduqlarını qeyd edib.

Qeyd edək ki, T.Yaqublu ötən il dekabrın 1-də Saleh Rüstəmlinin həbsinə etiraz olaraq Fəvvarələr Meydanında keçirilən mitinq zamanı saxlanılıb. Daha sonra onun üz nahiyəsində xəsarət izləri olan görüntüləri yayılıb. T.Yaqublu polislər və mülki geyimli şəxslər tərəfindən şəhər kənarına aparılaraq döyüldüyünü iddia etsə də, Daxili İşlər Nazirliyi onun döyülməsinin polislə heç bir bağlılığı olmadığını açıqlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi