Tokayevin Moskvada etiraz doğuran naziri danışdı - Rusları sakitləşdirəcək açıqlamalar verdi
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin elan etdiyi yeni Nazirlər Kabinetinin üzvləri sırasında anti-Rusiya mövqeyi ilə seçilən və qatı qazax millətçisi kimi tanınan Askar Umarovun olmasının Rusiyada doğurduğu reaksiya haqda məlumat vermişdik.
Umarov 2012-ci ildə “Türk akademiyası” ictimai birliyinin vitse-prezidenti olub. O, bundan sonra iki il Astana Ekspo-2017 şirkətinin direktoru olub. Umarov nazir vəzifəsinə gələnədək, 2017-2020-ci illərdə “Kazinform” xəbər agentliyinin baş direktoru vəzifəsində çalışıb.
Yada salaq ki, Xaricdə yaşayan həmvətənlərlə iş üzrə federal agentliyinin direktoru Yevgeni Primakov Askar Umarovun ruslara yanaşmasına görə onunla işləməkdən və təmasdan imtina etdiyini açıqlayıb.
“Mən Qazaxıstanın yeni informasiya naziri Askar Umarov haqqında və onun çoxsaylı məqalələrini diqqətlə oxudum”, - Y.Primakov yazıb. O, A.Umarovun məqalələrində ruslar haqqında işlətdiyi “xoşagəlməz” ifadələrindən nümunələr də göstərib.
“Qazaxıstanın yeni informasiya və sosial inkişaf naziri Askar Umarovu “Baykonur kosmodromunda görməyə şad olmayacaqlar”. Bunu isə “Roskosmos”un rəhbəri Dmitri Roqozin Teleqram kanalında yazıb.
Nəhayət, Rusiya Xarici İşlər Nazirliyi də “həm Rusiya, həm də Qazaxıstan vətəndaşları arasında haqlı olaraq kəskin reaksiyaya səbəb olan millətçi xarakterli bəyanatlar, o cümlədən ksenofobiya, nifrətin qızışdırılması və sairi yolverilməz hesab edirik” deyə, təyinata münasibət bildirmişdi.
Yalnız Rusiya prezidentin mətbuat katibi Peskov bildirib ki, Tokayevin təyin etdiyi bütün nazirlərlə, hətta “utancverici, yanlış bəyanatlar verən” Umarovla işləməyə hazırdır. Və onun işinə yeni statusda verdiyi açıqlamalarla qiymət vermək mümkün olacaq”.
Tokayevin Umarovu ideoloji işin başına gətirməsini rişxəndlə “etdiyi kömək üçün Rusiyaya minnətdarlıq” adlandıran Rusiya mediası isə qeyd edirdi ki, Umarov uzun illərdir Qazaxıstanda rus dilinin sıxışdırılmasının əsas təşəbbüskarlarından biridir. Hətta bildirilir ki, məhz onun rəhbərliyi altında “dil patrulları” kimi tanınan QHT-lər yaradılıb və onlar rus dilinin sıxışdırılmasına çalışaraq, əhalinin və dövlət qurumlarının qazax dilindən istifadəsini təbliğ və təşviq ediblər.
“Komsomolskaya pravda” qəzeti Askar Umarovu “Böyük Turan” ideyasının Qazaxıstandakı əsas təbliğatçısı adlandırıb.
“Novıye İzvestiya” qəzeti isə bir qədər də irəli gedərək, Umarovun təyinatını “Rusiyanın kürəyinə vurulan zərbə” adlandırıb. Bununla bağlı yazıda artıq Kreml təbliğatçılarının peşmançılıq və əsəblə “biz Tokayevə niyə kömək etdik” sualını verdikləri qeyd olunur.
Musavat.com-un məlumatına görə, Umarov özünün facebook səhifəsində Primakovun qeydlərinə və ya özünün dediyi kimi, “obrazının əcinnələşdirilməsinə” reaksiya verib: “Bundan əvvəl tutduğum bütün vəzifələrdə rusiyalı və başqa partnyorlarla məhsuldar iş aparmağa çalışmışam. Bir daha tolerantlıq və xalqlar dostluğu prinsipinə, Qazaxıstan xalqının birliyinə və qonşularla qardaş münasibətlərinə sədaqətimi bildirirəm”.
Askar Umarov yenidən bu məsələyə qaylıdaraq rusofob bəyanatlarını “sosial şəbəkələrin hay-küyü ” adlandırıb və Rusiyaya böyük hörmət bəslədiyini bildirib.
“10 ildən artıqdır ki, sosial şəbəkələrdə emosional və düzgün olmayan ittihamlar və onun nəticələr başa düşüləndir, lakin bu “virtual zibil” çoxdan çürüyüb. Mən Rusiyaya, adət-ənənələrə, tarixə, ədəbiyyata, xalqlarımız arasında ümumi tarixi çoxəsrlik əlaqələrə böyük hörmətlə yanaşıram” deyə, “Sputnik Qazaxıstan”-a müsahibəsində deyib.
Umarov əlavə edib ki, Rusiya Federasiyası Qazaxıstanın ən yaxın tərəfdaşıdır.
Nazir 9 May Qələbə Günü haqqında da danışıb, bildirib ki, müharibə hər bir ailəyə toxunub, ona görə də Rusiya Federasiyası və Qazaxıstanda bu bayram “xüsusi hisslə” qeyd olunur.
Qazaxıstanın “dil patrulları”na gəlincə, bu, ümumi tendensiya deyil və onlar artıq öz hüquqi qiymətini alıblar.
"Ümumiyyətlə, bir daha qeyd etmək istərdim ki, ölkəmizdə Qazaxıstanda yaşayan xalqların bütün dillərinə və adət-ənənələrinə böyük hörmətlə yanaşılır. Rus dili isə gündəlik həyatda var”, - deyə o, fikrini yekunlaşdırıb.
Bu xəbər üçün şərh yazın