Trampın tviti rubl və lirəni vurdu –

Trampın tviti rubl və lirəni vurdu – Şərh

Trampın tvitinə Rusiya ilə Türkiyənin fond və valyuta birjaları eyni cür reaksiya verib.

Bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Rusiya rublu və türk lirəsi, dollar və avro qarşısında son günlərin antirekordlarını təzələyib:

"Moskva və İstanbul birjalarının indeksləri düşüb. Rusiya maliyyə bazarındakı durumun səbəbi aydındır, sanksiyaların sərtləşməsi ilə əlaqədar əcnəbilər Rusiya aktivlərindən çıxmağa başlayıblar. Lirənin dəyərsizləşməsi isə bir neçə səbəblə əlaqədardır. İlk növbədə xarici ticarət kəsirinin rekord həddə çatması, əcnəbi sərmayənin ölkədən çıxması, hətta yerli burjuaziyanın öz vəsaitlərini ölkə kənarına transfer etməsi, ikirəqəmli inflyasiya, ikirəqəmli işsizlik faizləri, Türkiyə iqtisadiyyatının geosiyasi risklərə aşırı həssaslığı və s".
Politoloqun sözlərinə görə, İranda da vəziyyət yaxşı deyil:

"Rial ciddi şəkildə dəyərini itirib və nəticədə hökumət inzibati tənzimləmə üsuluna əl ataraq sabit məzənnə təyin edib. Dünən İran Mərkəzi Bankının rəhbəri parlamentdə çıxış edərkən deputatlar kürsüyə hücum çəkiblər, bank rəhbərini vaxtında tədbir görməməkdə günahlandırıblar. O isə yaranmış vəziyyətə görə məsuliyyəti xarici qüvvələrin üstünə atıb. Tramp may ayında nüvə anlaşmasından çıxaraq İrana qarşı Obama dövründə ləğv olunmuş sanksiyaları bərpa edərsə, İranda böhran daha da dərinləşəcək”.

Politoloq vurğulayıb ki, Trampın yeni təhlükəsizlik müşavirinin mövqeyi ABŞ-ın siyasətində artıq hiss olunmağa başlayıb:

“Bu həftənin başından etibarən ABŞ-da prezidentin yeni milli təhlükəsizlik müşaviri Con Bolton səlahiyyətlərinin icrasına başlayıb və bu amilin Trampın mövqeyinin sərtləşməsində rolu var. Bolton İranla imzalanmış anlaşmanın qəti əleyhdarı olmaqla bərabər, bu ölkədə rejim dəyişikliyinin də qızğın tərəfdarıdır. O, sonuncu sanksiya qərarından əvvəl Rusiyaya qarşı indiyədək tətbiq olunmuş sanksiyaları da yetərsiz sayırdı, bildirirdi ki, sanksiyalar Putin rejiminin əsaslarını sarsıdacaq səviyyədə olmalıdır”.

Qeyd edək ki, ötən gün dolların günlük orta məzənnəsi 64,5 rubla çatmışdı və bu, son iki ilin rekordu sayılırdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi