Tramp:"Seçkilər qətiyyən təxirə salınmayacaq"
ABŞ Prezidenti Donald Tramp dövlət başçısı postuna seçkilərin təxirə salınması imkanlarını qəti rədd edib və bu barədə iddiaları təbliğat adlandırıb.
Azərtac xəbər verir ki, jurnalistlər aprelin 27-də Ağ evdə keçirilən brifinq zamanı Donald Trampdan Demokratlar partiyasının ehtimal olunan namizədi Cozef Baydenin dövlət başçısının səsverməni təxirə salmaq cəhdlərinə dair bəyanatına şərh verməyi xahiş ediblər.
“Mən heç vaxt seçkilərin vaxtının dəyişdirilməsi barədə düşünməmişəm. Bunu nəyə görə etməliyəm? Noyabrın 3-ü əla tarixdir. Bütün bu fikirlər Baydenin deyil, qısa bəyanatlar yazan insanların təbliğatıdır”, – deyə Donald Tramp Ağ evdə keçirilən brifinqdə bildirib.
Baydenin mətbuat komandasında çalışan CBS telekompaniyasının jurnalisti Bo Erikson aprelin 23-də onun öz tərəfdarları ilə keçirdiyi onlayn görüşdə Donald Trampın seçkiləri təxirə salmaq üçün mümkün cəhdlərinə dair danışdığını iddia etmişdi.
Bununla yanaşı, ABŞ Prezidenti pandemiyaya baxmayaraq ölkədəki seçkilərin planlaşdırılan tarixdə – noyabrın 3-də keçiriləcəyini dəfələrlə deyib. Donald Tramp səsvermənin poçt vasitəsilə keçirilməsi təklifini də sərt tənqid edib.
Bu xəbər üçün şərh yazın