Türk ordusu terrorçulara qarşı əməliyyata hazırlaşır – Rusiya, ABŞ və İran Türkiyənin önünü kəsməyə çalışır
Suriyanın şimalındakı Rusiya və Suriya qoşunları gücləndirilir.
Xatırladaq ki, Türkiyə az əvvəl bu ərazidən PKK/PYD terrorçularını çıxarmaq məqsədilə hərbi əməliyyat keçirəcəyini bəyan edib. Rusiya isə bu əməliyyata qarşıdır. Bu gün Xarici İşlər naziri Sergey Lavrov Ankarada Türkiyə rəsmiləri ilə bu barədə danışıqlar aparacaq.
Prezident Rəcəp Tayyip Ərdoğan iki həftə bundan əvvəl bildirib ki, Türkiyə sərhədi boyunca Suriyanın ərazisində 30 kilometrlik bufer zolağı yaradacaq. Ərdoğan xüsusi olaraq əməliyyatların Mənbic və Tel Rifat regionlarında keçiriləcəyini bildirib.
Rusiya və Türkiyə arasında əməkdaşlıq var və Ankara Ukraynada müharibənin dayandırılması üçün Moskva və Kiyev arasında vasitəçi olmağa can atır. Buna baxmayaraq Suriyada Moskva və Ankaranın maraqları daban-dabana ziddir. Onlar Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyirlər.
“Reuters” agentliyi yazır ki, əməliyyatlara başlamazdan öncə Ərdoğan Putinin razılığını almazsa, iki ölkənin qüvvələri arasında hərbi toqquşmalar baş verə bilər.
Türkiyə bildirir ki, onun nəzərdə tutulan hərbi əməliyyatından məqsəd PKK-nın bir qolu olan YPG silahlı qüvvələrini sərhəddən geri oturtmaqdır. Amma YPG terror qruplaşması ABŞ tərəfindən dəstəkləndiyindən bu əməliyyat Vaşinqtonu da narahat edir.
Türkiyənin Suriyada dəstəklədiyi Suriya Milli Ordusunun (SMO) sözçüsü bildirib ki, Rusiya Tel Rifat, Mənbic, Kobani və Ayn İssa şəhərləri yaxınlığındakı mövqelərini möhkəmləndirir. Bu ərazilər Türkiyə sərhədinin 40 kilometrliyindədir.
SMO-nun sözçüsü mayor Yusef Həmmud deyib ki, son günlər İrana bağlı qüvvələr də YPG-li terrorçulara dəstək üçün səfərbər edilir.
SMO-nun kəşfiyyat məlumatlarına görə Tel Rifat yaxınlığındakı hərbi bazaya Rusiya helikopterləri daşınır. Türkiyənin “Anadolu” xəbər agentliyi isə bildirir ki, Rusiya Suriyanın şimalında qüvvələrini cəmləşdirir və Qamışlı yaxınlığında “Pantsir-S1” havadan müdafiə sistemləri qurur.
Ankara bildirir ki, Suriyanın şimalına müdaxilə məhz indi həyata keçirilməlidir, çünki Moskva və Vaşinqton YPG qüvvələrini Türkiyə sərhədindən 30 kilometrlik məsafəyə çəkəcəkləri barədə vədlərini pozublar. Vaşinqton isə bildirib ki, bölgədə hər hansı hərbi əməliyyatın keçirilməsi ABŞ qüvvələrinin həyatını riskə ata bilər.
Moskvaya gəlincə “o Ankaranın onsuz da mürəkkəb vəziyyəti eskalasiya edəcək hərəkətlərdən çəkinəcəyinə ümid edir”.
Türkiyənin yüksək vəzifəli rəsmilərindən biri “Reuters” agentliyinə deyib ki, Ankara Sergey Lavrova bir kəşfiyyat məlumatı barədə suallar verəcək. Bu məlumata görə Suriya hökumət qüvvələri və İran tərəfindən dəstəklənən yaraqlılar ya Tel Rifata gətirilib, ya da gətirilməkdədir. Rəsmi bildirib ki, Türkiyə bu əməliyyatı bütün hallarda keçirəcək.
Türkiyənin müdafiə naziri Hulusi Akar iyunun 7-də rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon söhbətində deyib ki, Ankara Suriyanın şimalında sabitliyi pozacaq bütün hərəkətlərə sərt reaksiya verəcək. Bölgədə terrorçuların mövcudluğu Türkiyə üçün qeyri-məqbuldur. Akar habelə xatırladıb ki, bundan əvvəl əldə olunmuş razılaşmalara əməl edilməlidir./Azpolitika.info
Bu xəbər üçün şərh yazın