“TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR” – “Başqa alternativ yoxdur…”
Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a açıqlamasında ADP sədrinə dəstək verib: “Biz də bunu dəfələrlə dilə gətirmişik. Naxçıvan və Abşeronda türk silahlı qüvvələrinə hərbi baza yaradılması çox vacibdir.
Elxan Şahinoğlu: “Bir gün gələcək, qardaş ölkənin Naxçıvanda və Abşeronda hərbi bazaları mövcud olacaq, başqa alternativimiz yoxdur”
ADP sədri Sərdar Cəlaloğlu “Hüriyyət” qəzetinə verdiyi geniş müsahibədə maraqlı bir təkliflə çıxış edib. Partiya sədri türk qoşunlarının Azərbaycana gəlməsinin vacibliyinə toxunub. S.Cəlaloğlu işğal altında olan torpaqlarımızın azad edilməsi üçün bundan başqa yol görmür.
Sitat: “Bizim strateji müttəfiqimiz Türkiyədir. Biz Türkiyə ilə hərbi müttəfiqlik müqavilələrimizi inkişaf etdirsək, hərbi əlaqələrimizi genişləndirsək, bu, bizə kifayət edəcək. Bizə başqa NATO dövlətləri lazım deyil. Türkiyə bizim üçün bəs edər. Biz Türkiyə ilə hərbi müttəfiqliyi Rusiya-Ermənistan arasındakı hərbi müttəfiqlik səviyyəsinə qaldırmalıyıq, türk qoşunları Azərbaycana gəlməlidir. Necə ki, ruslar Ermənistan sərhədlərini ermənilərlə birgə qoruyur, Azərbaycan sərhədlərini də türk qoşunları ilə biz bir yerdə qorumalıyıq. Bizim başqa bir yolumuz yoxdur. Ya Rusiya Ermənistandan çıxmalıdır, biz Ermənistanla tərəf müqabil olmalıyıq, ya da Rusiya Ermənistanı öz dalına alıbsa, biz də Türkiyəni öz yanımıza alıb, hərbi cəhətdən öz təhlükəsizliyimizi təmin etməliyik. Bunun başqa variantı yoxdur. Kim ki, bundan başqa bir yolla Qarabağın azad olunmasını düşünür, o, tamamilə xəyalpərvərdir və reallıqlardan uzaq bir adamdır”.
Qeyd edək ki, zaman-zaman türk qoşunlarının Azərbaycana dəvət olunması çağırışları səslənir. Ən müxtəlif sahələrin təmsilçiləri tərəfindən bu dəvətə daim dəstək gəlib. Lakin bu qədər tərəfdarı olmasına baxmayaraq, bu istək hələ də həyata keçməyib. Türk qoşunları ölkəmizə gələrsə, bu proses Naxçıvan üzərindən həyata keçiriləcək ki, bu da muxtar respublikamızın təhlükəsizliyinin daha da möhkəmləndirilməsi baxımından çox önəmlidir.
Təhlükəsizlik siyasətimizdə bu, prioritet məsələ olmalıdır. Həmçinin Azərbaycanın Rusiya və İranla sərhədlərini türkiyəli həmkarları ilə milli ordumuzun birgə qorunmasının vacibliyini vurğulamışam. Əvəzində də Türkiyənin Suriya və İraqla sərhədlərinin mühafizəsində türkiyəli qardaşlarla birgə Azərbaycan əsgərlərinin də iştirakını məqbul hesab etmişəm. Bu həm də regionda Azərbaycanın çəkisini artırmış olar… Rusiya Ermənistanla siyasi-hərbi ittifaqdadır. Buna alternativ olaraq da, Türkiyə-Azərbaycan siyasi-hərbi müttəfiqliyinin rəsmi şəkildə zəruriyyəti yaranır… ”.
Politoloq bu məsələnin tezliklə reallığa çevrilməsini çox vacib sayır: “Bu məsələnin reallığa çevrilməsi üçün rəsmi Bakı hərəkətə keçməlidir. Türkiyə ordusu rəsmi olaraq Azərbaycana dəvət edilməlidir. Azərbaycanla Türkiyə arasında dəmir hərbi pakt imzalanmalıdır. Bu iki qardaş ölkə hər hansı üçüncü ölkə ilə müharibə, hərbi münaqişədə olduğu təqdirdə dərhal bir-birinin tərəfində ola biləcək savaşda yer almalıdırlar. Türkiyə ilə Rusiya bu məsələdə anlaşacağı təqdirdə Azərbaycan iqtidarı buna gedə bilər. Yəni ortada belə bir ciddi əngəl də var. Bunu da vurğulamalıyıq ki, ilkin etap olaraq indi belə Naxçıvanda Türkiyə hərbi bazası qurula bilər. Fikrimcə, proses ona tərəf gedir. Türkiyənin Naxçıvanda mövcudluğuna Rusiya da mane ola bilməz. Türk qoşunlarının Naxçıvanda peyda olması ermənilərin də birdəfəlik bu regionumuza iddialarına son qoya bilər. Tarixi baxımdan da Naxçıvan türk əsgərlərinin yerləşdirilməsi üçün gözəl fürsətdir. Ümid edirik ki, tezliklə Azərbaycan bu imkandan lazımi səviyyədə yararlanacaq. Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə geniş hərbi təlimlərinin məntiqi gedişatı yuxarıda qeyd edilənlər olmalıdır. Türkiyə ordusunun Azərbaycanda mövcudluğu çox şeyi dəyişə bilər. Qardaş ölkənin Cənubi Qafqazda hərbi bazasının olması region üçün çox ciddi hadisədir. Türkiyənin Cənubi Qafqazda güclənməsi birmənalı olaraq Azərbaycanın maraqlarına cavab verir. Eyni zamanda Türkiyə qoşunlarının Azərbaycanda olması rəsmi Bakının Qarabağ məsələsində qolunu gücləndirir. Bir nüansı xatırlayaq, Şimali Suriya və İraqda Türkiyə ordusunun anti-terror əməliyyatlarından ən çox narahatlıq keçirilənlər içində ermənilər də var idi. Bu, təbiidir, çünki ermənilər anlayırlar ki, bu gün Yaxın Şərqdə hərbi əməliyyatlar aparan Türkiyə sabah Cənubi Qafqazda hərbi gücünü göstərəcək. Ona görə türk əsgərinin Azərbaycanda olması Qarabağın azad edilməsi yolunda atılacaq mühüm addımdır. Yuxarıda qeyd edilən bütün əngəllərə rəğmən Azərbaycan bu şansdan artıq yararlanmalıdır”.
Məsələyə dair politoloq Elxan Şahinoğlu da ilginc açıqlama verib. O qeyd edib: “Qətər əmiri ölkəsini açıq və gizli düşmənlərdən qorumaq üçün Türkiyədən ikinci hərbi bazasını yaratmağı xahiş etdi. Türkiyə Qətərdən əvvəl Azərbaycanın strateji müttəfiqidir. Azərbaycan Ermənistanla bacara bilər. Ancaq tək Ermənistanla iş bitmir ki. İnanıram ki, bir gün gələcək Türkiyənin Qətərdə olduğu kimi Azərbaycanda da iki hərbi bazası – Naxçıvanda və Abşeronda mövcud olacaq. Başqa alternativimiz yoxdur. Haqqında çox danışdığımız arxa cəbhədən arxayın olmalıyıq…”
Bu xəbər üçün şərh yazın