Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, sarsılmazdır

Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, sarsılmazdır 

Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir.

Sevidirici haldır ki, bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur. İki dövlət arasında mövcud olan bu mehribançılıq və qarşılıqlı anlaşma təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun gələcək taleyində müsbət dinamika yaradacaqdır.

44 günlük Vətən müharibəsi zamanı Türkiyənin ilk günlərdən Azərbaycanın haqq işinə dəstək verməsi, mənəvi və siyasi cəhətdən Azərbaycanın yanında olması, sülhə, sabitliyə hesablanmış davranış idi.Eyni zamanda bu davranış, bütün dünyaya bir siqnal oldu ki, Azərbaycanın öz doğma torpaqlarını işğalçılardan təmizləmək üçün apardığı haqq mübarizəsinə kimsə müdaxilə etməsin. Noyabr ayının 10-da imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması postmüharibə dövründə də Türkiyənin regionda təhlükəsizliyin təminatçısı və nəzarətçisi olacağından xəbər verir.

Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Şuşa bəyannaməsi isə müttəfiqliyimizin, qardaşlığımızın ən yüksək səviyyədə olmasını təsdiqləməklə yanaşı, bütün türk dünyasına gözəl bir mesaj oldu.

Azərbaycan –Türkiyə münasibətləri bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də inkişaf etməkdədir. Təsadüfi deyildir ki, Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əsas hədəfimizdir. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Qardaş ölkə ilə birlikdə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi edilməsi dediklərimizin əyani sübutudur.

Hər zaman olduğu kimi, Qarabağın yenidənqurma işlərində də Türkiyə-Azərbaycan qardaşlığı birgədir, işğaldan azad edilmiş torpaqlarımızın yenidən tikilib qurulmasında Türkiyə dövləti yaxından iştirak etməkdədir. Azad edilmiş ərazilərdə start verilmiş bərpa quruculuq işlərini həyata keçirtmək üçün təbii ki, ilk kontraktlar Türkiyə dövləti ilə imzalanıb. Görüləcək böyük həcmli işlər birgə həyata keçiriləcək, Türkiyə şirkətlərinin burada fəaliyyəti üçün yeni imkanlar yaranacaq.

Sevindirici hakdır ki, rayonumuzun ərazisindən keçən, böyük strateji əhəmiyyətə malik Füzuli- Şuşa avtomobil yolunun inşasında da türk şirkətləri yaxından fəaliyyət göstərməkdədir. Tikintisində qardaş Türkiyə dövlətinin nüfuzlu şirkətlərinin fəal iştirak etdiyi, regionun eləcə də rayonumuzun gələcək inkişafında xüsusi əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava Limanının artıq bu gün açılışı reallaşır. Bu tarixi və xoşbəxt günümüzdə qardaş Türkiyə dövləti sevincimizə şərikdir. Belə ki, Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Hava Limanının açılışında iştirak etdi. Bu gün biz füzulilər üçün ikiqat bayram yaşandı. Dövlət başçımız cənab İlham Əliyevlə bərabər qardaş Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi tarixi köklərə malik münasibətlərimizin ən yüksək səviyyədə olmasını sübut etməklə yanaşı böyük rəmzi məna daşıyır. Çünki, qardaş Türkiyə Prezidenti Füzuli Aeroportuna daxil olan ilk qonaq oldu.

Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi tarixi hadisələrdir. Bu tarix birlikdə yazılır. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik.

Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.

Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.

Bildiyimiz kimi Türk Şurası təsirli beynəlxalq təsisatdır. Gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək və bütün Türk dünyası üçün yeni imkanlar açılacaq.

Açılması üçün ölkələrimizin böyük səy göstərdiyi Zəngəzur dəhlizi xüsusi strateji əhəmiyyət daşıyır. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Cari ilin 26 oktyabr tarixində təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkələrimiz istəklərinə nail olacaqdır.

İnanırıq ki,Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq. Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Əminik ki, Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri gələcəkdə də yüksək səviyyədə inkişaf edəcək, bu münasibət Azərbaycanda, eləcə də regionda davamlı sülhün və sabitliyin təminatçısı olacaqdır. Ölkə başçımız cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin ana xəttini təşkil edən Türkiyə-Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edəcək, ölkələrimizin rifahına, işıqlı sabahına zəmin yaradacaqdır.

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

Eyvazova Gülbahar

 Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi