TÜRKİYƏ HƏRBİ SƏNAYESİNİN DÜNYANI HEYRƏTƏ SALAN DAHA BİR NAİLİYYƏTİ - Pulemyotçu dron + VİDEO
Türkiyənin milli hərbi sənayesi dünyanı heyrətə salan daha bir nailiyyətini nümayiş etdirib. İlk dəfə 2019-cu ildə İstanbulda keçirilən hərbi sənaye sərgisində nümayiş etdirilən, ASİSGUARD şirkəti tərəfindən işlənib hazırlanan, iriçaplı pulemyotla təchiz edilmiş “Songar” pulemyotçu-dronu zirehli avtomobilə inteqrasiya edilib.
Beləliklə, dünyanın heç bir ölkəsində mövcud olmayan bu pulemyotçu dron xüsusi təyinatlı qüvvələrin silahlanmasına daxil edilib və həm ölkə içərisində, həm xaricdə aparılan əməliyyatlarda tətbiq olunacaq.
“Songar” kvadrokopter-dronu 45 kiloqrama qədər faydalı yük qaldıra bilir və drona bərkidilmiş iriçaplı pulemyotla kameraları tərəfindən təsbit edilmiş yerüstü hədəflərə sərrast atəş açır. Bundan əlavə, pulemyotçu-dron hədəfə partlayıcı maddə ilə zərbə endirir.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu silahlı dron indi “Amazon” adlı zirehli avtomobilə inteqrasiya edilib. Türkiyənin milli hərbi sənayesinin istehsalı olan “Amazon” zirehli maşınlarının özü də pilotsuz idarə oluna bilir, avtonom olaraq sürücüsüz hərəkət edir və lazım olarsa uzaqdan komanda olunur. “Songar” silahlı dronu avtomobilin üstündə quraşdırılmış xüsusi platformada yerləşdirilib və beləliklə də, avtomobilə hərəkət marşrutu boyu hədəfləri əvvəlcədən aşkar edib zərərsizləşdirmək imkanı yaradıb.
Hərbi və təhlükəsizlik məqsədli hər cür əməliyyatlarda iştirak edə bilən, sutkanın istənilən vaxtında uçan “Songar” avtonom eniş-qalxış qabiliyyəti ilə asimmetrik təhdidlərə qarşı hazır vəziyyətdə avtomobilin üzərində gözləyəcək.
“Songar” 3 kilometrə yaxın uçuş radiosunda vəzifələrini icra edə bilir, yəni indiki halda pulemyotçu-dron “Amazon” zirehli maşını üzərindən qalxaraq 3 kilometr radiusda kəşfiyyat və döyüş əməliyyatlarını yerinə yetirə biləcək. Eyni zamanda “Songar” digər pilotsuz uçan aparatlarla qarşılıqlı əlaqədə də fəaliyyət göstərə bilir.
Qeyd edək ki, Türkiyə “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsi ilə artıq dünyanı təəcübləndirə bilib. Bu döyüş PUA-ları Türkiyənin Suriya və Liviyada həyata keçirdiyi hərbi əməliyyatların gedişatını dəyişdirib, qarşı tərəfi atəşkəsə məcbur edib. Habelə 44 günlük Vətən müharibəsi zamanı “Bayraktar TB2” Azərbaycan ordusunun Qarabağda zəfər qazanmasında mühüm rol oynayıb.
Türkiyə 2021-ci ildən etibarən daha yüksək taktiki-texniki göstəricilərə və döyüş qabiliyyətinə malik olan “Aksungur” və “Akıncı” pilotsuz kəşfiyyat-döyüş təyyarələrinin də seriya istehsalına başladığını elan edib. Heç bir şübhə yoxdur ki, Azərbaycan öz qalib ordusunu daha da müasirləşdirmək və onun döyüş qabiliyyətini daha da yüksəltmək üçün qardaş ölkənin milli hərbi sənayesinin bu ən son nailiyyətlərindən də yararlana biləcək.
Bu xəbər üçün şərh yazın