Türkiyə Şimali Kiprdə güclü aviabaza yaradır

Türkiyə Şimali Kiprdə güclü aviabaza yaradır – Nazirlər Şurası təcili qərar çıxardı

Şərqi Aralıq dənizində enerji paylaşımı ilə əlaqəli gərginliyin yüksəldiyi bir vaxtda Türkiyədən ard-arda həmlələr gəlir.

Qazma və hərbi gəmiləri regiona göndərdikdən, Liviya ilə dəniz sərhələrini demarkasiya etdikdən sonra Türkiyə indi Şimali Kipr Türk Respublikası (ŞKTR) ərazisində pilotsuz uçuş aparatları üçün bazanın yaradıldığını elan edib. ŞKTR-dəki Geçitkale hava limanı Türkiyənin Şərqi Aralıq dənizində gözü olacaq. Bu barədə “Hürriyet” qəzetinin köşə yazarı Ömer Bilge məlumat verir.

Geçitkale aeroportunda bazanın yaradılması Türkiyə və ŞKTR-dən yan keçməklə Şərqi Aralıq dənizində enerji resurslarının bölünməsi istiqamətində addımlar atan “yunanlar-kiprli yunanlar” duetinə yeni zərbə olub.

1982-ci ildə türk hərbi təyyarələrinin eniş etməsi üçün inşa edilən Geçitkale hava limanı ŞKTR-nın yeganə mülki hava limanı olan Ercan aeroportundan 40 kilometr şərqdə yerləşir.

ŞKTR Nazirlər Şurası Türkiyənin sorğusunu təsdiqlədikdən dərhal sonra Mersindən lazımi avadanlıqla təchiz olunmuş hərbi gəmilər yola düşüb və Geçitkaledə hazırlıq işləri başlayıb. Hava limanı gələn həftə dron uçuşlarına hazır vəziyyətə gətiriləcək. 2010-cu ildə Geçitkale yük təyyarələrinə xidmət göstərmək üçün kiprli biznesmen Asil Nadirə 15 il müddətinə icarəyə verilmişdi. Nazirlər Şurası təhlükəsizlik sahəsindəki ehtiyacları əsas gətirərək icarə sazişini ləğv edib.

Regionda üstünlüyü təmin edəcək addım

 Stasionar təyyarə. Geçitkale sayəsində bütün Şərqi Aralıq dənizinə müşahidə imkanı əldə olunub. Adanın yunanlara aid hissəsində Böyük Britaniyanın aviabazası yerləşir. Burada həmçinin Fransa və İsrailin aviabazaları açılıb. İndi Türkiyənin də Kiprdə aviabazası var.

 İsrailin pilotsuz uçuş aparatlarına müqavimət. Kiprin yunan administrasiyası İsraildən altı ədəd dron əldə edib. Və bir neçə sazişlə İsrail Silahlı Qüvvələrinə bütün sərhədləri açıb. ŞKTR-nın nəqliyyat naziri Tolqa Atakan bildirib ki, “bazanın məqsədi həmçinin yunanlarla İsrailin əldə etdiyi sazişlərlə əlaqəlidir”.

— Uzaq sularda qazma işləri. Türkiyəyə məxsus pilotsuz uçuş aparatları Kipr regionunda qazma işləri həyata keçirən “Fatih” və “Yavuz” gəmilərini Konya və Muğladan havaya qalxaraq müdafiə ilə təmin edirdi. Yeni baza sayəsində Türkiyənin nəzarət diapazonu genişlənib. Türk gəmiləri daha uzaq məsafələrdə qazma işləri apara bilər.

Türkiyədən daxil olan baza tələbi ilə Nazirlər Şurasının təcili iclasını çağıran və elə həmin gün də qərarı təsdiqləyən ŞKTR-nın baş naziri Ersin Tatar qeyd edib ki, türk dronları Şərqi Aralıq dənizinin yeni hakimi olacaqlar. 

Baş nazir “Hürriyet” qəzetinə açıqlamasında deyib: “Vaxtında atılmış bir addımdır. Şərqi Aralıq dənizindəki yeni baza sayəsində nə bir quş, nə də bir milçək bizim xəbərimiz və razılığımız olmadan uça bilməyəcək. 

Yeni baza Türkiyə və ŞKTR-nın “Mavi vətən sularında”, Şərqi Aralıq dənizində maraqlarını qoruyacaq. Baza sorğusu daxil olan kimi bütün bürokratik prosedurları bir kənara atıb, Nazirlər Şurasındakı həmkarlarımızla birlikdə dərhal onu təsdiqlədik. Geçitkaleni adadakı türk sülh qüvvələrinin ixtiyarına verdik”.

ŞKTR Xarici İşlər Nazirliyi isə yunan tərəfinə silah tədarükünə qoyulan embarqonun ləğv edilməsi haqqında qanun layihəsinə sərt cavab verib. Belə ki, sənəd ABŞ Konqresindən keçdikdən sonra təsdiqlənmək üçün sonuncu mərhələyə keçir. ŞKTR Xarici İşlər Nazirliyi regionda gərginliyin artacağını söyləyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi