Türkiyə siyasi və iqtisadi cəhətdən diqqət mərkəzindədir -AB və ABŞ “geopolitik şok” qarşısındadır – Təhlil
Olqa SamofalovaVzqlyad.ru, 30.07.2018
Zamanında, demək olar, təsadüfən BRHÇC adı alan ölkələr birliyi öz nüfuzunu getdikcə genişləndirir. Rusiyanın da daxil olduğu kluba indi Türkiyə də girmək istəyir. (NATO üzvü) Ankaranın BRHÇC-yə qoşulmaq şansı varmı və bu halda kürəsəl geopolitik effekt necə olacaq? “Hürriyet Daily News” qəzeti bazar günü xəbər verib ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Braziliya, Rusiya, Hindistan, Çin və CAR-ın daxil olduğu BRHÇC ölkələrinə qoşulmaq istəyini elan edib. Ərdoğan deyib: “Biz bu ölkələrin beşiylə G20-yə daxilik. İstərdim ki, onlar birliyə girməyimiz və BRHÇC-də öz yerimizi tutmaq üçün gərəkən addımları nəzərdən keçirsinlər”.
O, əlavə edib: “Bizi bu platformaya götürsəniz, onun adı BRHÇCT (BRICST) olacaq”.
Onun sözlərinə görə, BRHÇC üzvləri bu təklifi “hərarətlə alqışlayıblar”.Türkiyə prezidenti deyib: “Xüsusən Çin bildirib ki, genişlənmə uğrunda çıxış edir. Mən gördüm ki, onlar başqa ölkələrin bu platformada iştirakı imkanlarını nəzərdən keçirirlər”.
Onun dediyinə görə, iqtisadiyyat, yatırım və developer layihələri sahələrində əməkdaşlıqda böyük potenisal var.
Əlbəttə, Türkiyə heç də BRHÇC-nin tərkib hissəsi olmağı arzulayan yeganə ölkə deyil və ittifaqın işinə böyük maraq göstərir. Argentina hələ bir neçə il qabaq BRHÇC-ə girmək arzusunu bildirib, bu isə Cənubi Amerikanın ikinci iqtisadiyyatıdır.
Amma hələlik hamı öz yerində qalır. Türkiyənin bu kluba girmək şansı varmı? Ərdoğanın Yohannesburqa BRHÇC-nin onuncu illik sammitinə dəvət edilməsi faktı bu cür imkanın lehinə danışır.
Digər yandan, Rusiya prezidenti Vladimir Putin BRHÇC-nin bu yaxınlarda keçən sammitində deyib ki, hələlik BRHÇC-nin yeni iştirakçılar hesabına genişləndirilməsi planlaşdırılmır. Amma hər hal da belə bir imkanı tam istisna etməyib. Putin deyib: “Hazırda BRHÇC üzvlərini formal artırmağı planlaşdırmırıq, çünki biçimlənmiş format öz effektivliyini göstərir. Amma bu bildirmir ki, təşkilat qapalıdır və qapılar bağlıdır. Sadəcə bu məsələ, bizdə xalq içində deyildiyi kimi, atüstü həll olunmur. Bunu lazımi şəkildə müzakirə etmək gərəkdir”. Əslində, hətta BRHÇC-nin yeni üzvlə necə tamamalanacağı, yeni üzvə qarşı hansı tələblərin irəli sürüldüyü, üzərinə hansı öhdəliklərin qoyulduğu haqda qayda və prosedurların konkret dərki yoxdur.
Axı BRHÇC nədir? Bu, on yeddi il qabaq sadəcə inkişaf etməkdə olan, Qərb iqtisadiyyatlarından sürətlə artan və buna görə də yatırımçılarda maraq doğuran beş ölkəni göstərmək üçün “Goldman Sachs”-ın analitikinin düşündüyü abbreviatura idi. Bu ölkələr sonradan bu cür mücərrəd birliyi gerçək ittifaqa bənzər nəyəsə çevirib. Onun geopolitik məqsədi ABŞ başda olmaqla birqütblü dünyaya qarşı çoxqütblü dünya düzəni qurmaqdır. Bu, hər bir ölkənin daxili iqtisadiyyatının inkişafı haqda tarixçə deyil, inkişaf etməkdə olan ölkələrin özünü dünya səhnəsində bəyan etmək, xarici iqtisadi əlaqələri çeşidləmək və əlavə yatırımlar cəlb etmək cəhdidir.
BRHÇC ABŞ və AB-nin başqa ölkələrdə maliyyə təsirini gücləndirdiyi BVF və Ümumdünya Bankına qarşı öz strukturunu – inkişaf bankı və valyuta ehtiyatları pulu (burada: inhisar növlərindən biri-red.) yaradıb. Onlar, bir tərəfdən, Qərb dünyasına deyil, onlara sərf edən xarici layihələrə yatırım qoymaq və bununla da bu ölkələrdə öz nüfuzlarını yüksəltmək istəyirlər. O biri tərəfdən, BRHÇC ölkələrini maliyyəcə dollar iqtisadi sistemindən daha az asılı etmək arzusundadırlar.
Türkiyə bu maraqlar üzrə kluba yazılacaqmı? Türkiyə iqtisadiyyatca tamamilə cəlbedici görünür. Türkiyə ÜDM həcminə görə 17-ci yeri tutur – 848 milyard dollar. Türk iqtisadiyyatı bu göstərici üzrə BRHÇC-nin digər ölkələrindən geridə qalır. Çin iqtisadiyyatı 12 trilyon dollardan çox ÜDM-lə ABŞ-dan sonra dünyada ikincidir. Hindistanın ÜDM-i 2,6 trilyon, Braziliyanınkı 2 trilyondan çox, Rusiyanınkı 1,5 trilyon dollardan çoxdur. Lakin Türkiyə BRHÇC-yə girməklə yenə də autsayderə çevrilməyəcək.
Birincisi, CAR-ın – BRHÇC-in daha bir üzvünün iqtisadiyyatı xeyli kiçik və zəifdir. İkincisi, Türkiyə vətəndaşların alıcılıq qabiliyyətinin paritetinə (AQP) əsasən təshih edilən ÜDM üzrə təkcə Rusiyanı deyil, Çini də geridə qoyur. Deməli, Türkiyənin AQP üzrə ÜDM-i adambaşına 27 min dollar, Rusiyada 25,7 min dollar, Çində 16,2 min dollar təşkil edir. Bu göstərici iqtisadi inkişafın səviyyəsini dəyərləndirmək üçün daha önəmli sayılır.
Türkiyə də BRHÇC birliyinin formal əlamətlərinə asanlıqla sığışır. “Beynəlxalq maliyyə mərkəzi”nin eksperti Vladimir Rojankovski deyir: “Son illərin siyasi hadisələrinə və ölkənin qaynar nöqtələrə coğrafi yaxınlığına baxmayaraq, Türkiyə iqtisadiyyatı dünyada çox sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir”.
Bundan savayı, əhalisi əsasən müsəlmanlar olan Türkiyə dünyəvi bir dövlət kimi onu çevrələyən dindar müsəlman ölkələri və monarxiyalarının fonunda faydalı şəkildə seçilir.
Rojankovski deyir: “Bölgənin başqa heç bir ölkəsi geopolitik planda Türkiyənin yerini verə bilməz, buna görə də Türkiyənin Rusiya-Çin vektorlu ölkələr blokuna daxil olması Avropa və ABŞ üçün olduqca ciddi geopolitik şokdur”.
“Türkiyə həm türk, həm də islam dünyasında liderlik roluna iddia edir. Və islam dünyasında baş güc mərkəzi olmaq şansı Səudiyyə Ərəbistanı və ya şiə İranından xeyli yuxarıdır, – “Alpari” analitik departamentinin direktoru Aleksandr Razuvayev hesab edir. – Tendensiya göz qabağındadır – Qərb kürəsəl iqtisadiyyatda səhmlərin nəzarət zərfini tədricən itirir,NATO ölkələrinin birliyi isə getdikcə daha xəyali olur. Ola bilsin, Berlin və Paris tezliklə çox təəssüf edəcək ki, Türkiyəni vaxtında Avropa Birliyinə qəbul etməyiblər”.
Rojankovski əmindir – BRHÇC-nin özü, xüsusən də forma yaradan ölkələr kimi Çin və Rusiya üçün güclü iqtisadiyyatlı yeni üzv ölkələrin bu kluba daxil olması son dərəcə sərfəlidir. Bu, klubu həm geopolitik, həm də maliyyə baxımından möhkəmləndirmək imkanı verər.
Türkiyənin özü kürəsəl dollar zonasının dağılacağı halda udanlar sırasında olmağa ümid edir. Razuvayev deyir ki, o zaman BRHÇC ölkələri bölgəsəl valyuta zonalarının mərkəzləri olmaqda bütün şanslara malikdir və Türkiyə türk dünyasında aparıcı rol oynamağa can atır. Düzdür, o, Türkiyənin Qazaxıstan və Qırğızıstanda (RF ilə Avrasiya Birliyindədirlər) Rusiya ilə geopolitik maraqlar planında mümkün toqquşmasını qeyd edir.
Hələlik isə BRHÇC-yə üzv olmadan da Rusiya və Türkiyənin münasibətləri dostluq səviyyəsindədir və bu yaxınlardakı soyuqluqdan iz də qalmayıb. Ankara tezliklə Rusiya qazının Avropaya yeni tranzitçisinə çevriləcək. (“Türk axını”nın ikinci qanadı inşa olunsa).
Razuvayev düşünür: “Rusiya S-400 kompleksinin tədarükü üzrə Türkiyə ilə sazişdən sonra Türkiyəni ən cəlbedici potensial silah satışı bazarlarından biri kimi nəzərdən keçirməyə başlayıb. Türkiyə habelə Vaşinqtonun basqısına baxmayaraq, Rusiyaya qarşı sanksiya təbiq etməkdən imtina edən az-az ölkələrdən biridir. Türkiyə ilə ciddi şəkildə şərik çıxmalı heç nə yoxdur”.
Tərcümə Strateq.az-ındır.
Bu xəbər üçün şərh yazın