Türkiyədən tarixi addım: Bu gerçəkləşərsə... - Şərh

Türkiyədən tarixi addım: Bu gerçəkləşərsə... - Şərh 

Hərbi təyyarə istehsalı çox mürəkkəb, kompleksli və dəqiqlik tələb edən bir prosesdir. Eyni zamanda bunun üçün külli miqdarda vəsait də lazımdır. Bu gün Türkiyənin belə bir yükü çəkəcək hala gəlməsi çox müsbət haldır. Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan 5-ci nəsil qırıcılar Türkiyə üçün strateji bir hədəfdir.

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy Türkiyənin beşinci nəsil qırıcı istehsalına başlaması haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Türkiyənin aviasiya sahəsində köklü bir keçmişi var:

“Əslində, Türkiyənin tarixi keçmişinə baxdıqda bu sahədə kifayət qədər təcrübəsinin olduğunu görə bilərik. 1926-1950-ci illər arasında Türkiyənin Kayseri bölgəsində mülki təyyarələr istehsal edilirdi. Hətta bu sahə üzrə Türkiyə Almaniya, ABŞ, Polşa kimi dövrün qabaqcıl ölkələri ilə əməkdaşlıq edirdi. Lakin təəssüf ki, Türkiyənin aviasiya sahəsindəki uğurları davamlı olmadı. Belə ki, 1950-ci illərdə, xüsusilə də Marşall planı çərçivəsində Kayseridəki təyyarə fabriki bağlandı. Düzdür, adı çəkilən fabrik çox qısa bir müddət NATO təyyarələrinin texniki təmiri və baxımı üçün istifadə olunsa da, ən nəhayətində fəaliyyətini tamamilə dayandırdı. Yəni Türkiyə dünyanın aviasiya keçmişinə malik nadir ölkələrindəndir”.

Ekspert qeyd edib ki, Türkiyə öz milli təyyarələrini istehsal etməyə məcburdur:

“Türkiyə uzun illərdir istər mülki, istərsə də hərbi təyyarələri xaricdən alır. Bu gün Türkiyənin hərbi arsenalını əsasən NATO-dakı müttəfiqlərindən aldığı F-5, F-16 və s. təyyarələr təşkil edir. Son proseslərə baxın - Türkiyə F-35 proqramından çıxarıldı. Halbuki Türkiyə bu layihənin iştirakçısı idi və 100 ədəd 5-ci nəsil F-35 təyyarəsi alacaqdı. Nəticə etibarilə bu gün Türkiyənin hərbi təyyarələr baxımından ciddi bir asılılığı var və rəsmi Ankara bu vəziyyətlə barışmaq istəmir. Bu mənada Türkiyə bir müddət öncə həm yeni nəsil təyyarədaşıyan gəmi, həm də 5-ci nəsil qırıcı təyyarələrin yer aldığı bir sərgi təşkil etdi. Rəsmi Ankara öncədən öz potensialı hesabına yeni nəsil hərbi təyyarələrini istehsal edəcəyini bildirmişdi. Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan 5-ci nəsil qırıcılar 2029-cu ilə qədər yerli mühərriklə uçmağı hədəfləyir. Prosesin daha da sürətləndirilməsi üçün işlər aparılır. Bu baxımdan Türkiyə bu hədəfinə nə qədər tez çatarsa, bir o qədər həm də Azərbaycan üçün yaxşıdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi