TÜRKİYƏNİN CƏSARƏTİNİ GÖSTƏRƏ BİLMƏYƏN NATO... - Alyans öz tarixinin ən qorxaq və miskin dövrünü yaşayır

TÜRKİYƏNİN CƏSARƏTİNİ GÖSTƏRƏ BİLMƏYƏN NATO... - Alyans öz tarixinin ən qorxaq və miskin dövrünü yaşayır 

ABŞ başda olmaqla Qərb ukraynalıların qanı bahasına Rusiyanı harasa qədər əzmək, silkələmək, özünə lazım olan məqamda isə dayanmaq və bazarlıq etmək məqsədi güdür.

Avqustun 1-də Belarus vertolyotlarının Polşa sərhədlərini nümayişkaranə şəkildə pozması, xeyli müddət sərhədyanı yaşayış məntəqələri üzərində dövrə vurması və nə Polşa ordusunun, nə də onun daxil olduğu Şimal Alyansının buna heç bir ciddi reaksiya verməməsi NATO hərbi blokunun bir ciddi alyans kimi öz nüfuzunu, təsirini və aktuallığını itirdiyinə dair təsəvvürləri bir qədər də möhkəmləndirdi.

Bu vertolyotlar formal olaraq Minskə aid olsa da, sözügedən təxribatın arxasında Rusiyanın durduğu və bunun NATO-nun cəsarətilə bağlı növbəti nəbz yoxlanışı olduğu heç bir şübhə doğurmur. O da şübhə doğurmur ki, NATO bu nəbz yoxlanışından, imtahandan olduqca miskin, qorxaq, cəsarətsiz şəkildə kəsildi. Özü də bu, ilk belə hal deyil...

Əlbəttə ki, ABŞ başda olmaqla NATO lazımi cəsarət və qətiyyət göstərsəydi, Rusiya ümumiyyətlə Ukraynaya qarşı işğalçı müharibəyə başlamağa risk etməzdi. Müharibə başlayandan sonra isə yenə qorxaqlıq göstərməsəydi, ən azından Ukraynanı dərhal hərbi təyyarələr, pilotlar da daxil olmaqla lazımi silahlarla təmin etsəydi, bu qanlı savaş bu qədər uzanmaz, Ukrayna xalqına, dövlətinə dəhşətli faciələr və bütün bəşəriyyət üçün ciddi problemlər yaşatmazdı.

Təkcə onu xatırlatmaq kifayətdir ki, 2022-ci ilin fevralında ABŞ başda olmaqla, Qərb Ukraynaya 72 saat vaxt kəsəndə yalnız Türkiyə ilk günlərdəcə Ukraynaya real hərbi dəstək verdi və Rusiyanın ilk həmlələrinin qarşısını məhz Türkiyə “Bayraktar”ları aldı. Bundan xeyli öncə isə Rusiya ilə necə, hansı dildə danışmaq lazım olduğunun nümunəsini də məhz Türkiyə vermişdi. 

2015-ci ilin noyabrında cəmi bir neçə dəqiqəlik Türkiyə hava məkanına daxil olan Rusiya hərbi təyyarəsini Türkiyə “F-16”-sı anındaca məhv etmişdi. İndi ABŞ başda olmaqla “üçüncü dünya müharibəsinin yolverilməz olduğunu” deyib, bunu bəhanə gətirən NATO ölkələri həmin vaxt Türkiyənin bu qətiyyətini alqışlamış və dəstəkləmişdilər.

O zaman heç bir “üçüncü dünya müharibəsi” baş vermədi, Rusiya cavabını aldı və yerində oturdu. Uzağı Türkiyəyə qarşı kənd təsərrüfatı məhsulları və turizmlə bağlı hansısa müvəqqəti sanksiyalar tətbiq etdi, vəssalam. Əvəzində Türkiyə Rusiya ilə necə danışmaq lazım olduğunu əyani şəkildə göstərdi. ABŞ, Fransa, Almaniya kimi digər NATO ölkələri isə hazırda öz riyakar və qorxaq davranışları ilə Rusiyanı daha da cəsarətləndirirlər.

Rusiyanın Belarusun əli ilə Polşa sərhədlərini pozması və NATO-ya qarşı təhdidləri ümumilikdə alyansın alçaldılması, gözdən salınması prosesinin növbəti həlqəsidir. Bundan öncə təkcə iyul ayının ikinci yarısında Rusiya hərbi təyyarələri azı iki dəfə Suriya səmasında ABŞ PUA-larına hücum edərək, onları sıradan çıxarıb. Yaxşı, Ukraynada birbaşa savaşa girmək istəməyən ABŞ Suriya səmasındadamı Rusiyaya layiq olduğu cavabı verə bilməz


Yazın əvvəlində Qara dəniz üzərində ABŞ PUA-sı “MQ9-Reaper” Rusiya tərəfindən vuruldu. ABŞ-ın buna reaksiyası acı gülüş doğurdu. Vaşinqton sadəcə, Rusiya pilotlarını “qeyri-peşəkar manevrlərdə” günahlandırmaqla kifayətləndi. Rusiya isə həmin pilotları mükafatlandırdı.

Bu ilin aprel ayında Rusiyanın “X-55” raketləri Poşa ərazisinə düşdü. Bunu əvvəlcə inkar etməyə çalışan Polşa və NATO rəhbərliyi sonradan “malalama” yolu ilə bu hadisənin üzərindən keçdi.

Yeri gəlmişkən, avqustun 1-də iki Belarus vertolyotunun təxribatı ilə bağlı Polşa əvvəlcə sərhədlərinin açıq şəkildə pozulduğunu gizlətməyə çalışdı, ancaq ortaya fotofaktlar qoyulandan sonra buna reaksiya verməyə məcbur oldu. Reaksiya da bundan ibarət oldu ki, Bealrus səfiri “qısa söhbət üçün” Polşa XİN-ə çağırıldı. Vəssalam.

Xatırladaq ki, Polşanı NATO üzvü kimi guya məhz ABŞ-ın yüksək hazırlıqı qoşunları qoruyur və Polşanın sərhədlərinin pozulması NATO-nun şərq sərhədlərinin pozulması deməkdir...

Bundan əvvəl Rusiya raketlərinin digər NATO üzvü olan Rumıniya üzərindən uçduğuna dair məlumatlar yayıldı. Lakin Rumıniya Ukraynanın aşkarladığı bu faktı da inkar etdi.

Bir sözlə, bu cəsarətsizlik və qorxaqlıq ondan xəbər verir ki, Rusiya getdikcə stavkaları daha da qaldıracaq. Çünki Qərb öz miskin mahiyyəti ilə Rusiya üçün bu imkanı tanıyır. Bu isə o deməkdir ki, Kreml daha təhlükəli, daha iri miqyaslı təxribatlara əl atacaq. Qərbdə isə buna cavab verəcək lider yoxdur – nə Ruzvelt, nə Çörçill, nə Marqaret Tetçer, nə də Reyqan var...


Ən pisi isə odur ki, bu, təkcə qorxaqlıq yox, həm də riyakar, çirkin siyasətin tərkib hissəsidir. ABŞ başda olmaqla Qərb azğınlaşmış Rusiya ilə öz əsgərləri, hərbçilərilə yox, yalnız Ukrayna əsgəri ilə döyüşməyi qərara alıb və məhz ukraynalıların qanı bahasına Rusiyanı harasa qədər əzmək, silkələmək, özünə lazım olan məqamda isə dayanmaq və bazarlıq etmək məqsədi güdür. Belə çirkin, qorxaq və riyakar siyasət isə bir vaxtlar dünyanın ən böyük, toxunulmaz, qüdrətli hərbi alyansı sayılan NATO-nun gələcəyini böyük sual altına alır...

Cəlal Məmmədov

 AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər