Ucuz taksi dövrü bitdi: - “Daha 3 manata getmək mümkün olmayacaq”
Azərbaycanda 3 ay müddətində taksi xidmətinin təşkili ilə bağlı yeni normativ aktlar qəbul ediləcək. Başqa sözlə, taksi fəaliyyəti dövlət qurumları tərəfindən tənzimlənəcək.
Hazırda bu sahə əhalini razl salan aszaylı sektorlardan biridir. Orta statistik vətəndaş hazırkı şəraitdə zaman-zaman taksidən istifadə etməyi özünə rəva görə bilir. Amma biz hər zaman müxtəlif dövlət qurumlarını bu sahənin "tənzimlənməsi" zərurəti barədə açıqlamalarını eşidirdik. Elə əhali arasında da bu sahənin inhisara alınacağı və qiymətlərin qalxacağı barədə söz-söhbət gəzirdi. Ekspertlərin fikrincə həmin proses artıq başlayıb.
Bu qərar taksi xidmətlərində hansı dəyişikliklərə səbəb olacaq? Dəyişikliklər taksi qiymətlərinə və taksi bazarındakı rəqabət mühitinə necə təsir edəcəkmi? Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, bu normativ aktların nədən ibarət olması ilə bağlı tam detallı məlumat olmasa da, əsas bildiyimiz odur ki, bütün taksi xidmətlərinin hər birinə taksometrlərin qoyulması hazırda əsas tövsiyələrdən biridir. Onun sözlərinə görə, taksometrlərin qoyulması isə vahid qiymət tarifinin tətbiqindən xəbər verəcək.
“Bu, kilometrə görə vahid qiymətin təsdiq olunması deməkdir və qiymətlərə təsir edəcək. Yəni, əvvəl “Uber”lə Bakının bir ərazisindən digər ərazisinə 3 manata getmək olurdusa, artıq bu mümkün olmayacaq. Azərbaycanda az-çox rəqabətin olduğu taksi sektoru idi. Artıq bu, taksi bazarında rəqabətsizlik mühitinin yaranmasına gətirib çıxardacaq”.
Ekspertin sözlərinə görə, taksometrlərin quraşdırılmasının mənfi tərəfləri ilə yanaşı, müsbət cəhətləri də var. “Bu, xeyli insanın taksi xidmətindən imtina edib, ictimai nəqliyyata üz tutmasına səbəb olacaq. Bununla da şəhər nəqliyyatının sıxlığında bəlkə də fərq yaranacaq, yaxud da taksi sürücüləri ilə sərnişinlər arasında yarana biləcək mübahisəli məsələlər öz həllini tapacaq və s”.
Sonda ekspert qeyd edib ki, taksometrlərin tətbiqini taksi nəqliyyat sisteminin inhisarçılığa alınmasına işarə kimi görür. “Heç olmasa, qiymətləri elə müəyyənləşdirsinlər ki, köhnə bazar qiyməti ilə fantastik fərq olmasın”.
Bu xəbər üçün şərh yazın