Uduzsan da, bizi utandırmadın, “Qarabağ” - Millət vəkili
Uduzsan da, bizi utandırmadın, "Qarabağ".
Faktinfo.az xəbər verir ki, bu yanaşmanı millət vəkili Fazil Mustafa bu gün keçirilən"Qarabağ"-"Çelsi" oyununun nəticəsinə münasibət bildirərkən qeyd edib. O bildirib ki, futbolda hər şey olur:
“Futbola görə niyə məyus olursunuz? Normal hakimlər oyunun başlarında belə epizodlarda qırmızı kart vermirlər. Cərimə verməkdə haqlı idi, uzağı sarı kart verərək, oyunun normal seyrini təmin etməli idi. Oyun sındırıldıqdan sonra onsuz da uduzan komandaya bəsit bir əngəlləməyə görə ikinci 11 metrlik cərimə zərbəsi belə asanlıqla verilmir”.
Millət vəkili vurğulayıb ki, burada ədalətsizlikdən söhbət getmir, hakimin əvvəlcədən nəzərdə tutduğunu həyata keçirməsindən, yəni planlı hərəkətindən söhbət gedir:
“Ancaq sevinirəm ki, bütün bunlara baxmayaraq, komandamızın sona qədər sistemi pozulmadı, son üç oyunu azlıqda oynayır, ancaq mübariz xarakteri dəyişmir. Qurban Qurbanova Azərbaycan adına ancaq təşəkkür düşür. Son dörd oyunda meydanda məzlum komanda olmadı, hakimə rağmən dirəniş göstərən, rəqiblə baş-başa oyun oynayan, rəqibin avtoritetindən çəkinməyən bir komanda vardı. Ən xoşuma gələn də oyunçuların emosional davranış göstərməməsi idi. Qərəzli hakimə qarşı hansısa sərt hərəkətə görə komandaya cərimə yükü gətirmədilər. Bu komandaya güvənim zərrə qədər də azalmadı. Uduzsa da, bizi utandırmadı "Qarabağ!"
Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda Bakı Olimpiya Stadionunda “Qarabağ” "Çelsi” ilə qarşılaşıb. İngiltərə təmsilçisi görüşün nəticəsində 4-0 hesablı qələbə əldə edib.
Bu xəbər üçün şərh yazın