Ukraynanın yeni prezidenti kim olacaq?

Ukraynanın yeni prezidenti kim olacaq? –Əsas rəqabətin Timoşenko ilə Poroşenko arasında gedəcəyi gözlənilir - TƏHLİL

Bu il Ukraynada seçki ilidir, martda yeni prezident, payızda isə yeni parlament seçiləcək.

Atlantik Şurasının saytında Brian Mefford yazıb ki, prezident seçkisinin nəticəsini proqnozlaşdırmaq mümkün deyil, amma bu siyasi dönəmlə bağlı beş məsələ bəllidir.

Birincisi, açıq şəkildə Rusiyanı dəstəkləyən namizəd qalib gələ bilməz və bu, ölkənin indisini keçmişindən fərqləndirən ən böyük dəyişiklikdir. Ukraynanın müstəqillik əldə etdiyi dönəmdən 2012-ci ilədək rusiyapərəst elektorat böyük rol oynayıb. Ancaq Vladimir Putin 2014-cü ildə Krımı ilhaq etməklə, Donbası tutmaqla Ukrayna elektoratının rusiyayönlü hissəsini məhv edib.

İkincisi, rəy sorğularının yanlış olduğu üzə çıxacaq. Ukrayna mediasının hər gün yaydığı sorğularda Yulia Timoşenko liderdir, ikinci yerdə yeni sifətdir, hazırkı prezident isə üçüncüdür. “2016-cı ildə ABŞ-da rəy sorğuları Hillari Klintonun qələbə çalacağını proqnozlaşdırırdısa, Ukraynadakı sorğulara nə dərəcədə inanmaq olar?” müəllif yazır.

Üçüncü amil prezidentliyə namizədlərin hamısının əslində parlamentdə yer qazanmaq uğrunda kampaniya aparmasıdır. Müəllifin fikrincə, seçkiylə bağlı aydın dördüncü amil Timoşenko ilə indiki prezident Petro Poroşenkonun seçkinin ikinci raunduna çıxacağıdır.

Və nəhayət, beşinci amil prezident seçkisinin qalibinin parlament seçkisində də üstünlük əldə edəcəyidir. Rəy sorğuları 8-10 partiyanın parlamentə düşə biləcəyini, ancaq heç birinin üstünlük qazanmayacağını göstərir. Bu səbəbdən istənilən parlament çoxluğuna çoxpartiyalı koalisiya gərəkəcək.

“Bəziləri şikayətlənirlər ki, bu seçki də əvvəlkilərə bənzəyəcək, köhnə sifətlər hakimiyyətə qayıdacaq. Müəyyən dərəcədə haqlıdırlar. Amma paradiqma Ukraynanın Avropa sivilizasiyasını seçməsilə dəyişib. İctimaiyyət daha yüksək standart, şəffaflıq tələb edir, daha liderlərinin bəyanatlarını olduğu kimi qəbul etmirlər. Ukraynalılar indi səlahiyyət sahibidirlər və səlahiyyətli vətəndaşlıq Ukraynanı irəli aparacaq”, – məqalədə vurğulanır.

(Azadlıq radiosu)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər