ÜST-dən xəbərdarlıq: Yoluxmada artım olacaq
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəyərləndirməsinə görə, yaxın gələcəkdə mütəmadi olaraq yeni növ koronavirusa yoluxma hallarında artım müşahidə olunacaqdır.
Bu barədə xəbərdarlığı ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan Cenevrədə keçirilən brifinqdə səsləndirib.
O qeyd edib ki, yoluxma hallarının artımına istər ikinci dalğa, istər ikinci pik nöqtə, istər yenidən alovlanma, istərsə də başqa adlar vermək olar, virus üzərində təzyiqi azaldan kimi o, yenidən sürətlə yayılmağa başlayır.
M.Rayan bildirib ki, insanlar virusa qarşı mübarizədə başqa açıqlamalar gözləsələr də, hazırda reallıq belədir və virusu dayandırmaq olduqca müşkülə çevrilib. ÜST ekspertinin fikrincə, indiki mərhələdə qarşıda duran vəzifə testlər, yoluxanların sosial çevrəsinin müəyyən edilməsi və lokal tədbirlər sayəsində yoluxmanın artmasını önləməkdən ibarət olmalıdır. Bununla da bu ilin yazında olan ümumölkə karantinlərinin tətbiqinin qarşısını almaq olar. Eyni zamanda diqqətə çatdırılıb ki, insanların kütləvi toplandığı yerlər virusun yayılması üçün münbit şərait yaradır və bu kimi toplantılardan çəkinmək lazımdır.
Bu xəbər üçün şərh yazın