Vəliəhd 5 məhbusun 50 milyardına əl qoydu
Səudiyyə Ərəbistanında rüşvət və korrupsiya istintaqı çərçivəsində ölkənin ən zəngin simalarından beşi həbs olunub.
Axar.az xəbər verir ki, yerli mətbuat orqanları vəliəhd şahzadə Məhəmməd bin Salmanın etdiklərini taxta çıxmazdan əvvəl güc nümayişi olaraq qiymətləndirib.
Məlumata görə, həbs olunan şahzadə və nazirlərin bank hesabları dondurulub, şəxsi təyyarələrinin isə uçuşuna icazə verilməyib. Həbslərdən saatlar əvvəl həmin şəxslərin kredit kartlarına blok qoyulsa da, kartlardan istifadə etməyən milyarderlər bundan xəbər tutmayıb. Onlardan yalnız 5 nəfərinin sərvətinin ümumi həcmi 50 milyard dollar göstərilib. Bunlardan Səudiyyə Ərəbistanının ən zəngin insanı Şahzadə Valid bin Talalın dövləti 19 milyard dollar, iş adamı - ölkənin ikinci ən zəngini Məhəmməd Əl-Amudinin sərvəti 11 milyard dollar, “Bin Ladin” qrupunun rəhbəri Bakr bin Ladinin sərvəti 5 milyard dollar, “Rajhi” bankının sahibi Süleyman Əl-Rajhinin sərvəti 7 milyard dollar , ART media qrupunun rəhbəri Saleh Kamilin sərvəti isə 8 milyard dollar olaraq qeyd olunub.
Qeyd edək ki, korrupsiya əməliyyatı çərçivəsində son iki gündə Səudiyyənin kral ailəsi üzvlərindən 30 nüfuzlu şəxs həbs edilib.
Bu xəbər üçün şərh yazın