Vəzifədən azad olunacağımı gözləmirdim – Viktor Qasımov
Səhiyyə nazirinin müavini vəzifəsindən azad olunacağımı gözləmirdim.
Bu sözləri Qaynarinfo.az-a bu gün səhiyyə nazirinin müavini vəzifəsindən azad olunan Viktor Kərimoviç Qasımov deyib. Viktor Qasımov bildirib ki, bu vəzifəsindən azad olunsa da, hər hansısa bir işə təyin edilməyib:
"Bilmirəm bundan sonra hansı işlə məşğul olacam. Həkim kimi də fəaliyyətimi nəzərdən keçirəcəm. Baxacam vəziyyətə. Görüm nə olacaq. Vəzifəmdən azad olunacağımı gözləmirdim. Bunu mən də sizin kimi bu gün öyrəndim. Dörd müavin vəzifəsindən azad olunub. Heç birimizə hansısa bir vəzifə verilməyib".
Viktor Qasımov qərara hörmətlə yanaşdığını bildirib və ölkə başçısı İlham Əliyevə ona göstərdiyi yüksək ehtimada görə təşəkkür edib:
"Mənə böyük etimad göstərilmişdi, nazir müavini təyin edilmişdim. Bu təyinat ağır dövrdə oldu. Etimadı doğurtmağa çalışdım, işlədim. Allah Prezidentimizə, Birinci vitse-prezidentimizə cansağlığı versin. Hamımız ağır dövrdə əl-ələ verib işlədik".
Sabiq nazir müavini vurğulayıb ki, səhiyyə sistemi vahid olmalıdır:
"Səhiyyə Nazirliyinə yeni tərkib gəldi, yeni müavinlər təyin olundu. Yəqin ki, oturub bir yerdə səhiyyənin gələcəyini fikirləşəcəklər. Mən bir mütəxəssis kimi demək istəyirəm ki, səhiyyə sistemi vahid olmalıdır. Səhiyyəni parçalamaq olmaz”.
Bu xəbər üçün şərh yazın