Vəzifəli şəxs yeyintini üzə çıxaran işçini məhkəməyə verdi
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansında olan “Azərpambıq ASK” MMC-də qanunsuzluqlar aşkarlanıb.
Vətəndaş Azad Məmmədov qafqazinfo-ya müraciət edərək bildirib ki, 2003-cü ildən “Azərpambıq” şirkətinin Biləsuvar rayonunda yerləşən pambıq zavodunda ərazi nümayəndəsi işləyib. O iddia edib ki, yeni rəhbərlik nəzarətində olan fermerlərdən pambığın nəmlik və zibilliyini qərəzli olaraq çox hesablayıb, bunun üçün də məhsuldarlıq aşağı düşüb və nəticədə şirkət 2020-ci ildə onu işdən çıxarıb.
A. Məmmədov zavodda baş verən qanunsuzluqlarla bağlı “Azərbaycan Sənaye Korporasiyası”nın (ASK) baş direkoru Kamran Nəbizadəyə məktub yazdığını deyir: “Ərizəmdə qeyd etdim ki, zavod rəhbərliyinin bunu etməkdə məqsədi öz becərdikləri və qəbulu zamanı çox aşağı faiz ilə zibil kimi göstərdikləri pambığı ört-basdır etməkdir. Mənim nümayəndəliyimdə olan fermerlərdən yüksək faizlə zibil tutuldu. Buna görə həmin fermerlərdən çoxu 2021-ci ildə “Azərpambıq”dan imtina edib digər şirkətlərlə müqavilə bağladılar”.
O müraciətində bildirib ki, zavod rəhbərliyi Cəlilabad rayonundakı “Avanqard” MMC-dən 276 hektar torpaq sahəsinin hər hektarını 130 manata icarəyə götürsə də, 350 manata sənədləşdirilərək aradakı fərqi mənimsəyib: “Filialın baş aqronomunun xəbəri olmadan onun yerinə saxta imza edilərək mənimsəmələrə yol verilib. Fermerlərə verilmiş avans vəsaitlərdən qalan borcun siyahısında filialın direktorunun 118 000 manat və baş mühasibin qohumlarının 12000 manat qalıq avans borcu gizlədilib. Texniki çiyidin hər kiloqramını 28 qəpiyə rəsmiləşdirərək 33-34 qəpiyə satıblar və əlavə aldıqları pulu mənimsəyiblər. 500 hektar arpa sahəsini pambıq tarlası kimi rəsmiləşdirib hər hektara görə 250-300 manat pul götürüblər”.
“Azərpambığ”ın Biləsuvar zavoduna 2020-ci il oktyabrın 1-dən etibarən Vahid Kazımlı rəhbərlik edib. Filialın baş mühasibi Əfsələddin Məmmadov, baş aqronomu isə Əliheydər Rəsulov olub.
A. Məmmədov qeyd edib ki, onun müraciətindən sonra baş direktor Kamran Nəbizadənin tapşırığı ilə zavoda komissiya göndərilərək audit yoxlaması aparılıb və nəticədə onun dediklərinin əksəriyyəti öz təsdiqini tapıb. Araşdırma zamanı “Azərkosmos” ASC tərəfindən çəkilmiş şəkillərlə müəyyən edilib ki, fermer Zülfi Əzizovaya məxsus pambıq sahəsinin bir hissəsi otlaqdır.
Cəlilabad rayonundakı “Avanqard” MMC-dən icarəyə götürülən 276 hektar torpaq sahəsinin 71 hektarının filialın direktoru Vahid Kazımlının, 5 hektarının aqronom S.İsgəndərovun, 91 hektarının isə digər ərazi nümayəndlərinin adına müqavilə bağlandığı məlum olub. Müqavilələrdə icarə haqqının məbləği qeyd edilməsə də, şirkət tərəfindən hər hektara görə 300 manat vəsait ödənilib.
Həmçinin müəyyən edilib ki, bəzi fermerlərə verilmiş avans vəsaitlərin sənədlərində filialın baş aqronomu Əliheydər Rəsulovun imzası yoxdur, avans vəsaitlərin alınması üçün hazırlanmış sənədlərdə də Ə.Rəsulovun əvəzinə digər şəxslər imza edib. Avans vəsaitlərin alınması üçün filialın direktorunun adından “Azərbaycan Sənaye Korporasiyası”na göndərilmiş müraciətlərdəki imzalarda kəskin fərqlər müəyyən edilib.
Direktorun 118 min, baş mühasibin 12 min borcunun gizlədilməsi iddiası da araşdırılıb. Məlum olub ki, ASK-yə göndərilən hesabatda borcun 308 min olduğu qeyd edilsə də, müqavilələr yoxlanılarkən real borcun 330 min olduğu aşkar edilib.
Azad Məmmədov Kamran Nəbizadəyə müraciətində zavod direktoru Vahid Kazımlının bütün bu əməlləri edərkən “Azərpambıq”ın direktor müavini Fəzli Məmmədova arxalandıqlarını qeyd edib. Bu sənəd ictimailəşməsə də, F.Məmmədov isə onun şərəf və ləyaqətinin alçaldığını bildirərək Biləsuvar rayon məhkəməsində müraciət edərək A.Məmmədova qarşı iddia qaldırıb. Hazırda məhkəmə prosesi davam edir./Yeniavaz.com
Bu xəbər üçün şərh yazın