Xadimə qızının təhsil haqqı ödənildi
Qərbi Kaspi Universitetində 400 manat təhsil haqqı borcuna görə imtahanlara buraxılmayan xanım tələbənin problemi həll edilib.
Faktinfo.az xəbər verir ki,bu barədə Axar.az-a tələbənin anası Sevil Xanbabayeva məlumat verib.
O bildirib ki, sosial şəbəkədə yayılan müraciət videosundan sonra qızının təhsil haqqı borcu ödənib:
“Xalqıma hər zaman minnətdaram. Qızımın təhsil haqqını universitetə gedib şəxsən özü ödəyən insana da təşəkkürümü bildirirəm. Qızıma da deyirəm ki, bu kasıb günlərimizi heç vaxt yadından çıxartmasın. Çətin günümüzdə xeyirxah xalqımız, jurnalistlərimiz səsimizə səs verdi. Var olun!”
Qeyd edək ki, sözügedən tələbənin növbəti tədris ilindəki təhsil haqqını “Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyi öz üzərinə götürüb.
Bununla bağlı saytımıza açıqlama verən “Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva bildirib ki, tələbənin anası S.Xanbabayeva onlara bu illik təhsil haqqı ilə bağlı problemlərinin qalmadığını deyib:
“Yeni tədris ilində - sentyabr ayında xanım tələbəmiz təhsil haqqını ödəməli olacaq. Biz həmin tələbəni ehtiyaclı tələbələr siyahısına daxil etdik. Avqustun sonu, sentyabrın əvvəlində ailə ilə yenidən əlaqə saxlayacağıq. Ehtiyac olduğu halda köməklik göstərəcəyimizi tələbənin anasına da bildirmişik”.
Sevil Xanbabayeva imkansız tək anadır. “Ulduz” metrostansiyasında inzibati işçi kimi çalışır.
Bu xəbər üçün şərh yazın