Xalq-Prezident birliyi sarsılmazdır

Xalq-Prezident birliyi sarsılmazdır 

Vətən savaşında qazanılan Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin ən mühüm hadisəsidir.

Torpaqlarımızın işğaldan azad edilməsi ilə yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın solmuş arzuları yenidən yaşardı, sınmış qürurları özünə qayıtdı. Bu Qələbə onu da göstərdi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər birimiz Cənubi Qafqazın təkcə lideri deyil, həm də qalib dövlətin vətəndaşı olmağımızla qürur duyuruq.

Xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsi ilə Prezident seçilən cənab İlham Əliyev müasir dövlət quruculuğunu daxili siyasətinin prioriteti elan etdi. Dövlət başçısı ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə məharətlə və əsaslı şəkildə uyğunlaşdıraraq, praktikada uğurla həyata keçirdi. Azərbaycanın bütün iqtisadi sistemi yenidən quruldu.

Xalq ona görə cənab Prezidenti sevir ki, o, son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəldib. Hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında dövlət başçısının əzmini, peşəkarlığını, qətiyyətini, humanizmini, xeyirxahlığını yüksək qiymətləndirərək, öz rəhbərləri ilə fəxr və qürur hissi keçirdiklərini vurğulayırlar. Artıq 18 ildir ki, Azərbaycan xalqı uğurlarımızın əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin titanik fəaliyyətinə şahidlik edir.

Əlbəttə, ötən illərin hər bir günü ölkəmiz və bölgəmiz üçün həlledici idi. Xüsusilə də son illərdə  respublikanın həyatında bir çox vacib hadisələr baş verdi. Təbii ki, bunların arasında ən möhtəşəmi 30 illik həsrətə son qoyularaq düşmən tapdağı altındakı torpaqlarımızın xilas edilərək ərazi bütövlüyümüzün bərpa edilməsi oldu.  Vətən müharibəsində qazanılan parlaq Qələbə tarixi ədaləti bərpa etdi. Xalqın Prezidentinə olan birmənalı dəstəyi ilə Ali Baş Komandanın rəhbərliyi  altında rəşadətli ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı 44 gündə işğaldan azad etdi. Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi Qələbə ilə başa çatdı. Bu Zəfər şəhidlərimizin ruhunu şad etdi. Bu Qələbə Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytardı.

Burada bir incə məqamı da xüsusi vurğulamaq istərdik ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevlə bağlı paylaşımları xalqımız tərəfindən böyük maraqla, sevgi ilə qarşılanır. Dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin postmünaqişə dövründə müsahibələrinin, xalqa müraciətlərinin hər birində, eləcə də işğaldan azad edilmiş ərazilərimizə səfərlərində keçirdiyi qürur hissi, duyğuları Azərbaycan xalqına  çatdırılır. Videogörüntülərdə cənab Prezidentin sevincinə, qüruruna, duyğulu anlarına şahidlik edirik.

Dekabr ayının 24-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin özünün 60 illik yubileyinin məhz işğaldan azad edilmiş Qarabağ torpağında qeyd etməsi xalqımız tərəfindən maraq və sevgiylə qarşılanmışdır. Əvvəlcə  Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açılışında iştirak edən Prezident müharibənin bitməsinə baxmayaraq ordunun qüvvətləndirilməsi məsələlərinin hər zaman gündəmdə olacağını bəyan etdi. 

Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açılışından sonra Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Qarabağın incisi Şuşa şəhərinə gəlmişdir. Ölkə başçısının Şuşaya növbəti səfəri 60 illik yubileyinə təsadüf edir. Artıq neçə illərdir ki, Prezident İlham Əliyev öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edərək sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Öz 50 illiyini Ağcabədidə məcburi köçkünlərlə bərabər qeyd edən Prezident İlhan Əliyev  bu il dekabrın 24-də 60 illiyini də ailə üzvləri ilə birlikdə Qarabağda - Şuşada keçirdi.

18 il əvvəl Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər İlham Əliyev xalqın dəstəyinə arxalanır və bu dəstək ona güc verir. Prezidentin  qeyd etdiyi kimi “Bu dəstək iradəmi möhkəmləndirir və bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”.

Tofiq Qarayev,

Salyan rayon Kürsəngi kənd inzibati

ərazi dairəsi üzrə nümayəndə

Xalq-Prezident birliyi sarsılmazdır
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi