“Xalqı verməliyəm sənin kimi dələduzların əlinə ki, bildiyini edəsən?”

“Xalqı verməliyəm sənin kimi dələduzların əlinə ki, bildiyini edəsən?” 

Real Partiyasının Məclis üzvü Azər Qasımlı öz sosial şəbəkə hesabında “Ölkəmizin irəli getməsi üçün 1990-ların siyasətçilərindən və düşüncə tərzindən birdəfəlik qurtulmalıyıq” çağırışını edib.

Azər Qasımlının bu fikirləri birmənalı qarşılanmayıb. 1990-cı illərin siyasətçilərindən sayılan ADP sədri Sərdar Cəlaloğlu Real Partiyası təmsilçisinin iddialarının absurd olduğunu bildirib. S.Cəlaloğlu qeyd edib ki, 1990-cı illərin ortaya çıxardığı siyasətçilər istiqlalçı qüvvələrdir. İstiqlalçı qüvvələrin isə siyasi səhnədən kənarlaşdırılmasını süni şəkildə ortaya atırlar. Ortaya yeni çıxan və əslində ortaya ciddi bir iş qoya bilməyən özünü yeni müxalifət adlandıranlar çalışırlar ki, istiqlalçı qüvvələr sıradan çıxsın: 

“Lakin unudurlar ki, sözdə ”sən siyasətdən get, mən gəlim" deməklə iş olmur. Sən güclüsənsə, xalqı öz arxanca apara bilənsənsə öz siyasi mübarizəni apar və təbii proses olaraq gəl bizi sıradan çıxar. Sən özün ortaya ciddi mübarizə qoya, özünü qəbul etdirə bilmirsənsə, hansı məntiqlə 90-ların siyasətçilərinə “sən get mən gəlim” deyirsən?! Bu, bilirsiniz nəyə bənzəyir?

Məsələn, bir adam dünya çempionudur, biri gəlib ona deyir ki, sən çempionatda iştirak eləmə, mən iştirak edim, dünya çempionu olmaq istəyirəm. Dünyada belə bir şey var?! Rəqabət var, mübarizə var. Sən demirsən ki, 1990-cı illərin siyasətçiləri köhnəlib? Yaxşı, sən təzəsən, irəli çıx özünü göstər və mənə qalib gəl. Amerikada təhsil almısan, Amerikanın sənə verdiyi ağılla mənə qalib gəl. Yoxsa, sən özün heç nə etmə, heç bir mübarizə aparma, sonra da çıx mənə “sən get, biz gələk” tələbini ortaya qoy... Xeyir ola?! Niyə getməliyəm?! Mən meydanı, xalqı verməliyəm sənin kimi dil pəhləvanının, dələduzların əlinə ki, öz bildiyini edəsən?! Siyasət mübarizə meydanıdırsa, bu nə deməkdir ki, sən illərin siyasətçilərinə deyirsən ki, mən səndən önə keçə bilmirəm, sən kənara çəkil. Sən ona görə qalib gələ, önə keçə bilmirsən ki, sən özün guya yeni siyasi qüvvə olsan da sənin ideyaların köhnədir, bu xalqa lazım deyil. Xalq ağı qaradan yaxşı seçə bilir. Baxıb görür ki, sənin dediyin sözlər, sənin yanaşman onun milli maraqlarına uyğun deyil. Ona görə də sənin arxanca heç kim gəlmir və gedir sənin hədəfə aldığın o istiqlalçı qüvvələrin dalınca. Odur ki, 1990-cı illərin siyasətçiləri getsin kimi fikirlər hamısı cəfəng sayıqlamalardan başqa şey deyil".

ADP sədri onu da bildirib ki, 1990-cı illərin siyasətçiləri adlanan siyasətçilər əvvəldən siyasətdə olduqları üçün kimin kimlə bağlı olduğunu, kimin haradan hərəkətə gəldiyini, kimin nə istədiyini çox yaxşı bilirlər. Yenilər isə istəyirlər ki, özlərini xalqa əsl xilaskar, əsl müxalifət, əsl demokrat kimi təqdim eləsinlər: “Biz isə dərhal belələrinin ipini çəkirik ki, a bala, sən əslində filankəssən, sənin arxanda filankəs durur, pulunu filankəs verir, səni filankəs danışdırır və əslində sən bu məqsədi güdürsən. Ona görə də bizim ortalıqda olmağımız bunları narahat edir. Bunlara bir bulanıq su lazımdır ki, orada balıq tutsunlar. Qardaşım, gəl sən həqiqi siyasi mübarizə apar və ölkədə aparıcı qüvvə ol. Əlini, qolunu tutmamışıq. Bizə gülünc çağırışlar etmək əvəzinə, bir düşün ki, biz əslində siyasi həyatın məhəng daşıyıq. İstiqlalçı siyasətçilər siyasi mübarizəyə ömürlərini qoyublar. İndi yumurtadan çıxıb hələ normal cükküldəməyi belə bacarmayanların tələbi ilə siyasətdən getməli deyillər. Zəhmət çəkib gəlib bizi apardıqları siyasi mübarizə ilə arxa plana keçirməyi bacarsınlar. Dünya tarixində çoxsaylı nümunələr var ki, öz xalqı üçün müstəsna xidmət göstərən bir çox adamlar məhz 40-50 il müxalifət olublar. Məsələn, Mahatma Qandi, Nelson Mandela, İmam Xomeyni. İllərlə siyasi mübarizə meydanında olanlar xalqı və dövləti üçün böyük işlər görə bilirlər”.“Yeni Müsavat”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər