XERSON UĞRUNDA DÖYÜŞLƏR BAŞLADI - Müdafiə xətti yarıldı, bir kənd azad olunub -Yenilənib

XERSON UĞRUNDA DÖYÜŞLƏR BAŞLADI - Müdafiə xətti yarıldı, bir kənd azad olunub -Yenilənib 

"Hazırda Ukrayna ordusu Xersonda və Yeni Kaxovka şəhərindəki Rusiya mövqelərinə güclü zərbələr endirir. Bəzi məlumatlara görə bir kənd işğaldan azad olunub".

Bunu Ukraynadakı hazırkı vəziyyətlə bağlı AzPolitika.info-ya şərhində keçmiş hərbi pilot, hərbi ekspert Aqil Rüstəmzadə bildirib.

Qeyd edək ki, bir neçə saatdır, Ukrayna mediasında və sosial şəbəkələrdə Xersonda Rusiya qoşunlarının cəbhə xəttinin yarıldığı haqqında xəbərlər yayılıb.

Aqil Rüstəmzadə hələlik genişmiqyaslı hücum olacağına inanmır. "Hazırda Ukrayna ordusu o gücdə deyil ki, əks-hücuma keçə bilsin. Ola bilsin, bu, kəşfiyyat döyüşləridir. Nə baş verdiyini axşam dəqiq biləcəyik", - ekspert vurğulayıb.

Yerli ekspertlər bildirirlər ki, Ukrayna Silahlı Qüvvələrinin Xersonda yerləşən hissələrinin sürətli rotasiyası həyata keçirilir. Uzun müddət döyüşlərdə yorulmuş hərbçiləri xaricdən təlimdən qayıtmış yeni qruplaşmalar əvəzləyir, ölkəyə çatdırlmış yeni silahlar da artıq istifadə olunmağa başlayıb. Bu, Ukrayna ordusunun keyfiyyətcə yeni mərhələyə keçməsindən xəbər verir və düşməndən üstün durumda olmasının göstəricisidir.

Bu arada Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bəyan edib ki, Suxoy Stavok yaşayış məntəqəsi işğaldan azad edilib. Cənub Komandanlığının mətbuat katibi Qumenyuk isə Ukrayna ordusunun bir neçə istiqamətdə hücuma keçdiyini təsdiqləyib.

Xatırladaq ki, Qərb kəşfiyyatı, eləcə də Ukrayna siyasi və hərbi hərbərliyi yaxın zamanlarda Xerson istiqamətində geniş əks-hücum əməliyyatlarına start veriləcəyi barədə açıqlamalar verib. Bu arada ABŞ, Böyük Britaniya, Almaniya və başqa Avropa ölkələri Ukraynanın fasiləsiz silah təminatı üçün hərəkətə keçiblər. ABŞ 24 avqust - Ukraynanın Müstəqillik Günü münasibəti ilə 3 milyard dollarlıq hərbi yardım, əlavə olaraq Ukrayna hökuməti üçün 3 milyard dollarlıq qrant verib. Almaniyanın və Britaniyanın göndərdiyi yardımlara isə uzaq mənzilli raketlər, HHM sistemləri, habelə yaxın məsafədən döyüş aparmaq üçün silahlar daxildir. Qərb mediasının yaydığı məlumata görə, silahların daşınması intensivliyi bir neçə dəfə artırılıb, artıq təyyarələrlə yanaşı gəmilər vasitəsi ilə də Ukraynaya hərbi texnika və başqa ləvazimatlar daşınır.

Rasim

AzPolitika.info

***

Odessa vilayət hərbi administrasiyasının sədrinin müavini Oleksiy Matsuleviç Xerson şəhəri uğrunda döyüşlərin başladığını elan edib.

Bu barədə vilayət rəsmisi teleqramda yazıb.

“Rəsmi: Xerson şəhəri uğrunda döyüşlər başlayıb”, - o qeyd edib.

Ukrayna Ordusu Xerson vilayətində Rusiya işğalçılarının birinci müdafiə xəttini yarıb. Alaylardan biri mövqelərindən geri çəkilib.

Report.az xəbər verir ki, bu barədə “Kaxovka” qoşunların əməliyyat qrupu məlumat yayıb.

Bildirilib ki, Rusiya dəstəkli qondarma Donetsk Xalq Respublikasının 109-cu piyada alayı öz mövqelərindən uzaqlaşıb. İşğalçılar tanklardan, aviasiyadan və artilleriyadan atəş açır.

“Suspilne”nin məlumatına görə, Xerson şəhər və vilayətində elektrik enerjisi dayandırılıb. Bu barədə Rusiya mətbuatında da məlumat yayılıb. Buna səbəb kimi “yarımstansiyada qəza” olduğu göstərilir.

“Cənub” Təhlükəsizlik və Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk “Hromadske”yə şərhində bildirib ki, Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda bir çox istiqamətlərdə hücum əməliyyatlarına başlayıb.

“Kaxovka” açıqlayıb ki, Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində vəziyyət son dərəcə mürəkkəbdir. HIMARS, demək olar ki, bütün böyük körpüləri dağıdıb: Antonovski dəmir yolu, avtomobil və Novokaxovski körpüləri.

“Yalnız piyada keçidləri qalıb. Rusiya ordusunun Krım ərazisindən silah və şəxsi heyətinin tədarükü kəsilib. Bu, Ukrayna üçün öz ərazilərini qaytarmaq istiqamətində parlaq şansdır”, - “Kaxovka”dan qeyd ediblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi