Xəstəxanada koronavirusdan ölən şəxsin testi neqativ çıxdı: - Ailə məhkəməyə gedir,TƏBİB cavab vermir
"1978-ci ilə təvəllüdlü Hüseynov Cəbrayıl Məmi oğlunu analiz etmədən, yoxlamadan koronavirusa qarşı müalicə ediblər.
O, 2 gün sonra vəfat etdi, səbəbini də koronavirus dedilər. Rəhmətə gedən gün analizlərinin cavabı gəldi ki, sizdə “COVID -19” virusu aşkar edilməyib”.
Bunu Cebhe.info-ya açıqlamasında jurnalist İltifat Hacıxanoğlu qaynının ölümü ilə bağlı deyib. Jurnalist bildirib ki, böyük ümidlərlə yaradılan TƏBİB insanların sağalmasına deyil, ölməsinə səbəb olur: "Avqustun 21-də qaynımı Bakı Sağlamlıq Mərkəzinə yerləşdirdik. Orada ondan heç bir analiz götürmədən koronavirus simptomları diaqnozu ilə Məhəmmədi kəndində koronavirus xəstələri üçün xəstəxanaya yerləşdirdilər".
Jurnalist bildirib ki, qohumu vəfatından 2 saat qabaq telefonda yaxınları ilə danışıb- gülürmüş. Onun qaraciyərində vaxtilə problem olub:
"Bir il bundan əvvəl qaraciyərində problem oldu. Amma müalicə almışdı. Xəstəxanaya yerləşdirilməmişdən əvvəl dedi ki, nəfəs ala bilmir. Təcili Tibbi Yardım çağırdılar, lakin onu xəstə olaraq qəbul etmədilər. Evləri yaxın olduğundan, Bakı Sağlamlıq Mərkəzinə getdi, orda ona koronavirus olduğu deyildi. Bundan sonra onu Məhəmmədi xəstəxanasına, koronavirusdan müalicə olunan xəstələrin yanına apardılar. Koronavirus xəstələrinə tətbiq edilən müalicəni tətbiq etdilər. Xəstəxanaya gedən kimi ona sistem vurulub, analizin cavabları alınmadan müalicə təyin edilib. Əhvalı yaxşılaşmışdı, ailəsi ilə danışandan sonra qazlı su istədiyini deyib. Elə bundan az müddət keçmiş yoldaşına deyiblər ki, dünyasını dəyişib. Koronavirusdan vəfat etdiyi deyilən qaynımın telefonuna mesaj gəldi ki, siz koronavirus deyilsiniz. Yəni mərhumun koronavirus testi neqativ çıxdı”.
İltifat Hacıxanoğlu deyir ki, qayının həkim səhvi ucbatından ölümülə bağlı ailə üzvləri məhkəməyə müraciət edəcək: “Qaynıma səhvən müalicə təyin edərək xəstə qaraciyərinin sıradan çıxmasına səbəb olan həkimləri kim cəzalandıracaq? Neçə gündür TƏBİB-in mətbuat katibinin telefonlarina zəng edirəm, cavab verən yoxdur. Yaxın qohumum Binəqədidə “COVID- 19” testi verib, 5 gündüR cavabını demirlər. Adam qorxusundan başqa müalicə vasitəsindən istifadə etmir ki, əks effekt verər. Öz vəzifəsinin öhdəsindən gəlməyən TƏBİB nə üçündür?"
Bu xəbər üçün şərh yazın