"Yanğınlar bitənədək Türkiyədə olacağıq" - FHN-in amfibiya təyyarəsinin təlimatçısı
“Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi üçün Türkiyəyə, Dalama aerpoportuna yola düşürük. Biz həmin ərazilərdə işləyəcəyik".
Bu sözləri Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Türkiyədə meşə yanğınlarının söndürülməsi üçün H.Əliyev adına Beynəlxalq Hava Limanından yola düşən "BE-200ÇS" tipli amfibiya təyyarəsinin bort-mühəndis təlimatçısı Cavid Qəhrəmanov deyib.
O, qeyd edib ki, bir müddət Dalamanda yanğınların söndürülməsinə qarşı mübarizə aparacaqlar: "Texniki baxış üçün bir günlük Azərbaycana qayıtdıq. Və şəxsən prezidentin tapşırığı ilə yenidən ora qayıdırıq. Biz yanğının söndürülməsinə qədər orada işləyəcəyik”.
Cavid Qəhrəmanov deyib ki, Azərbaycandan yola salınan növbəti qrup hələlik Dalaman ərazisində yanğınların söndürülməsində iştirak edəcək: "Gələcəkdə yanğının miqyasından asılı olaraq ola bilsin, istiqamətlərimiz dəyişdirilsin. Biz hər vəziyyətə hazırıq".
"BE-200ÇS" tipli amfibiya təyyarəsi 20-25 saniyə ərzində 12 ton su götürür. Yanğın ərazisinə su 50 metrdən tökülür. Siz onun effektinin necə olduğunu bilirsiniz. Biz Azərbaycanda və digər ölkələrdə ondan istifadə etmişik. Hər yerdə yanğınların söndürülməsi işi uğurla başa çatıb", - o əlavə edib./Report.az
Bu xəbər üçün şərh yazın