“Yaşarın qəbrinin üstünə gedə bilmirəm...” - Firəngiz Mütəllimova
“Yaşarla küsülü vaxtlarımız da olub”.
Bunu AzNews.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllimova mərhum Yaşar Nuri ilə bağlı xatirələrindən danışarkən deyib. Aktrisa Yaşar Nurinin ölümünə inanmadığını deyib:
“Yaşar sağdır, mənim üçün yaşayır. Səsi qulağımda, çöhrəsi də gözümün qabağındadır. Elə bilirəm bu saat qapı açılacaq, otağa girəcək. Yaşar unudulmaz, böyük sənətkardır. Fəxr edirəm ki, onu tanımışam, onunla tərəf müqabili olmuşam. Ondan çox şey öyrənmişəm.
Yaşar heç kimi incitməzdi. Tamaşaçılarla xoş ünsiyyətdə olardı. Gözəl sənətkarlıqla yanaşı, böyük insan olmaq Allah vergisidir. Bu, hər adama nəsib olmur. O, heç kimin qəlbinə dəyməzdi, insani xüsusiyyətləri çox idi.
Bizim küsən-inciyən vaxtlarımız da olub. Məsələn, çəkiliş vaxtı geyinib kamera arxasına keçəndə baxırdım ki, Yaşar yoxdur. Onu axtarırdım, tapanda deyirdi ki, “sabah çəkilərik”. Əsəbləşib deyirdim ki, sabah gəlməyəcəm. Əgər mənim günahım olurdusa, barışmaq üçün addımı da mən atırdım. Günah onda olanda isə gəlib barışardı. Yaşara qarşı küskünlüyüm qalmadı”.
Firəngiz Mütəllimova sənətinə dəyər verdiyi dostunun qəbrini ziyarət edə bilmədiyini deyib:
“Yaşarı dost kimi çox istəyirdim. Ölüm xəbəri məni sarsitdı. Onun ölümündən sonra beyin əməliyyatı keçirdim. Həkimlər mənə bəzi yerlərə getməyi qadağan edib. Bu üzdən Yaşarın qəbrinin üstünə gedə bilmirəm”.
Bu xəbər üçün şərh yazın