Yəhudi politoloqdan sensasiya: “Üçüncü Qarabağ savaşı başlanacaq” – Vaxt açıqlandı
İkinci Qarabağ müharibəsində uduzan Ermənistan bir neçə aydır ki, özünə gələ bilmir. Vaxt rəsmi İrəvanın əleyhinə işləyir.
Çünki daxildə vəziyyət getdikcə kritikləşir. Və belə bir vaxtda hakimiyyətin dəyişilməsi an məsələsidir. Həm də ona görə ki, müxalifət, o cümlədən “Qarabağ klanı” kifayət qədər fəaldır. Onlar hakimiyyətə gələcəkləri təqdirdə qisas alacaqlarını deyirlər. Elə isə ehtimal olunan çevrilişin nəticəsində nələr dəyişə bilər? “Dəmir yumruğumuzu” növbəti dəfə işə salmağa ehtiyac olacaqmı?
İsrailli politoloq Mixail Finkel bu barədə Sherg.az-ın suallarını cavablandırdı:
- Azərbaycanın tarixi qələbəsi barədə nə düşünürsünüz?
-Sözügedən uğuru yüksək qiymətləndirirəm. Prezident İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı. Həmin nailiyyətin arxasında dövlət başçınızın müdrik siyasəti, uzaqgörənliyi dayanır. O, hər şeyi dəqiq hesablamışdı. Atılan uğurlu addımlar nəticəsində ərazi bütövlüyünüz bərpa olundu. Bu, çox vacib idi.
- Ermənistandakı daxili vəziyyət barədə nə deyə bilərsiniz?
- Rəsmi İrəvanda iqtisadi və ideoloji böhranın tüğyan etdiyi aydındır. Hakimiyyətə inam itib. Əslində mən hadisələrin belə cərəyan edəcəyini əvvəlcədən proqnozlaşdırmışdım. Məncə, Ermənistanın müstəqilliyi də sual altındadır. Revanşist qüvvələrin baş qaldırması isə hər iki dünya müharibəsində məğlub olan Almaniyanı xatırladır.
- Necə düşünürsünüz, Paşinyan hakimiyyətdə qala biləcək, ya devriləcək?
-Fikrimcə, indi olmasa belə, növbəti etirazlarda “taxtdan salınacaq”. Çünki xalq onu sevmir. İnsanlar müharibədəki məğlubiyyətin, yaranmış iqtisadi böhranın günahını məhz mövcud iqtidarda görürlər.
-Paşinyan Rusiyanın silahlarını bəyənmədiyini demişdi. Sizcə, Putin bu bəyənatına görə onu bağışlayacaq?
-Siyasətdə daxili auditoriyaya və beynəlxalq ictimaiyyətə deyiləcək sözlər var. Ermənistan baş naziri bəzən bunları qarışıq salır. O, rəsmi Moskvanın bu açıqlamaya çox da fikir verməyəcəyini gözləyirdi. Əslində, məncə, belə də olacaq. Tərəflər arasında münasibətlərin korlanacağına inanmıram. Hər halda Ermənistanda Kremlin 102-ci hərbi bazası yerləşibsə, Rusiyada erməni diasporu fəalaiyyət göstərirsə, Moskva bütün hallarda öz forpostunu dəstəkləyəcək.
- Ümumiyyətlə, baş verən proseslərdə Rusiyanın istədiyi nədir?
-Rusiya öz ampluasındadır. O, ənənəvi mövqeyini dəyişmir. Hələ Çar vaxtında İrandan İrəvan xanlığına ermənilər köçürülüb. Ermənilərə hər cür dəstək verilib. Sonra bu, bolşeviklər dövründə də davam etdirilib. Çoxəsrlik siyasət indi də öz sözünü deyir. Əslində Kremlin düşmənlərinizi dəstəkləməyi təbiidir. Birincisi, eyni din, yəni xristianlıq amili şimal qonşunuzun tərəf tutmasına səbəb olur. İkincisi isə, rəsmi Moskva məhz Ermənistan vasitəsilə bölgəyə nəzarət etmək istəyir. Lakin müdrik siyasətçi İlham Əliyev özünün balanslaşdırılmış siyasəti ilə bu “oyunu” poza bilər. Rusiya ilə münasibəti qorumaq yaxşı haldır. Azərbaycan həm də Türkiyə ilə Rusiya əməkdaşlığına şərait yaradır.
- Sizcə, növbəti müharibə başlaya bilərmi?
-Ehtimal çoxdur. Lakin ermənilər əvvəlcə silahlanmalı, yeni texnikalardan istifadəni öyrənməlidirlər. Zənnimcə, təxminən 5-10 ilə üçüncü Qarabağ savaşı başlanacaq.
Bu xəbər üçün şərh yazın